• Bakı 20° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Kiberdələduzlar meydan sulayır: Necə edək ki, onların tilovuna düşməyək?

Multİmedia

11 Aprel 2024 | 17:53

Kiberdələduzlar meydan sulayır: Necə edək ki, onların tilovuna düşməyək?

Son zamanlar kiberdələduzluqların sayı artmaqdadır. Hər kəsə ən azı bir dəfə xarici nömrələrdən mesajlar gəlir və buna aldanan insanlar da bu tələyə düşür. 

İnsanlar buna aldanmamaq üçün nəyə diqqət etməlidir? 

Bu barədə Bakıvaxtı.az-a danışan Azərbaycan Kibertəhlükəsizlik Assosiasiyanın eksperti Bəhruz Əliyev bildirdi ki, xarici nömrələr vasitəsi ilə kifayət qədər artan zənglər və mesajların olduğunu müşahidə etmək mümkündür. 

Onun sözlərinə görə, istifadəçilərin nömrə və hesab məlumatlarının ələ keçmə səbəblərindən birisi, hansısa digər istifadəçinin yoluxması sayəsindədir: 

"Yəni hansısa mobil avadanlığa edilən müdaxilə ilə onda olan nömrə və hesabların dələduzların əlinə keçməsinə səbəb ola bilər. Bu sahədə hədəflənən hücumlar baş verə bilər". 

Bəhruz Əliyev: Kim aldanıb "tilova" düşərsə, qurbana çevrilir

İT mütəxəssisi digər hallarda isə, bunun fişing(fishing) hücumu hesab edildiyini vurğulayıb: 

"Hədəflənən xüsusi bir şəxs yoxdur, sadəcə dələduzlar tərəfindən fişing(tilov) edilir. Kim aldanıb bu "tilova" düşürsə, qurbana çevrilir. Təbii ki, bu kiberdələduzluq növüdür". 

Ekspert bildirib ki, xarici və ya yad nömrədən ilk dəfə zəng gəldikdə smartfon və mesajlaşma applikasiyaları bu məsələni xüsusi ilə istifadəçinin qarşısına çıxarır. Bloklamaq və təsdiq etmək mənasına gələn ifadələrlə açıq ifadə edir. Gələn zəng və mesaj tanıdığınız şəxsə aid deyilsə və ya şübhəlidirsə, ağlabatan deyilsə, həmin zəng və mesajı bloklamaq mütləqdir. 

B.Əliyev xüsusilə diqqətə çatdırıb ki, əgər gələn mesaj və maillərdə əlavə linklər göndərilibsə, əlavə fayllar sizə təqdim edilibsə, onları əsla açmamalı və həmin mesaj və ya mail-i bütövlükdə silmək lazımdır. 

Mərc oyunları, yarış, lotereya və ya qalib olmaq haqqında gələn hər hansı bir mesaja və ya link-ə aldanmamaq, göndərilən linkin domen ünvanına diqqət yetirməyin vacibliyini söylədi: 

"Əgər göndərilən mail adresi və link, haqqında bəhs edilən yerin rəsmi domen adresi ilə eyni deyilsə, əsla inanmaq olmaz. Digər üsul isə, həmin müəssisənin qaynar xətti ilə əlaqə saxlayaraq, məlumatı dəqiqləşdirməkdir". 

Müsahibimiz bu metodların istifadəçilərə ilkin kömək üçün zəruri məlumatlar olduğunu qeyd edib. 

"Əgər şübhəli bir məqam varsa, İT üzrə çalışan etibarlı şəxslərdən də kömək almağı tövsiyyə edirəm. Şübhəci və diqqətli yanaşma aldanmağın qarşısını ala bilər". 

Mina Mikayılova


SON XƏBƏRLƏR

29 Aprel 2024