• Bakı 23° C

    2.86 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

Kimi dağda, kimi bağda: Bəs partiya sədrlərinin yay planları nədir?

CƏMİYYƏT

09 Iyun 2026 | 14:08

Kimi dağda, kimi bağda: Bəs partiya sədrlərinin yay planları nədir?

Yay mövsümü bir çox sahələrdə fəaliyyət tempinin nisbətən azalması ilə xarakterizə olunsa da, partiyalar bu dövrdə də fəaliyyətlərini davam etdirirlər. Bəzi partiyalar yayda təşkilati məsələlərə, regional səfərlərə və gənclərlə bağlı layihələrə üstünlük verir, digərləri isə fəaliyyətlərini daha çox onlayn formatda həyata keçirir.

Bəs ölkəmizdəki partiyalar yay mövsümündə hansı planları reallaşdırmağı nəzərdə tuturlar?

Bu suala cavab tapmaq üçün Bakıvaxtı.az olaraq partiya rəhbərlərinə müraciət etdik.

Böyük Quruluş Partiyasının (BQP) başaqanı Fazil Mustafa yay ayları ilə bağlı xüsusi bir fəaliyyət planlarının olmadığını söyləyib. Onun sözlərinə görə, əgər hər hansı siyasi əhəmiyyətli tədbir və ya seçki prosesi olarsa, partiya həmin dövrdə daha aktiv fəaliyyət göstərəcək:

“Yay mövsümündə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq əməkdaşların məzuniyyətləri təşkil edilir və onlar növbəlilik prinsipi ilə məzuniyyətə göndərilirlər. Bununla yanaşı, partiya öz siyasi fəaliyyətini davam etdirir. Rəhbər orqanlarımız toplanır, müzakirələr aparılır və müvafiq qərarlar qəbul edilir. Yay ayları da bu baxımdan istisna təşkil etmir”.

F.Mustada qeyd edib ki, sadəcə, yay dövründə insanların əksəriyyətinin məzuniyyətdə olması nəzərə alınaraq, bir sıra fəaliyyətlər və görüşlər daha çox onlayn formatda həyata keçirilir:

“Ümid edirəm ki, bu yay mövsümündə də partiyanın fəaliyyəti və siyasi aktivliyi qorunub saxlanılacaq”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu vurğulayıb ki, yay ayında partiyanın rəhbərliyi məzuniyyətə çıxır:

“Hərzamankı işlərimizi davam etdirəcəyik. İyul-avqusr aylarında partiyanın İdarə Heyəti məzuniyyətə çıxacaq”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə saytımıza deyib ki, yay ayları olmasına baxmayaraq, hərzamankı kimi planlaşdırdıqları fəaliyyətləri həyata keçirməyə davam edəcəklər:

“Bu fəaliyyətlər çərçivəsində Ali Məclisin iclasının çağırılması, Siyasi Şuranın iclasının keçirilməsi və növbəti dövr üçün partiyanın fəaliyyət istiqamətlərinin yenidən nəzərdən keçirilməsi planlaşdırılır. Eyni zamanda yay dövründə bir sıra rayon təşkilatlarına səfərlərimiz nəzərdə tutulub və bunlar müəyyən edilmiş qrafik üzrə həyata keçiriləcək. Həmçinin Gənclər Təşkilatımızın da müxtəlif tədbirlərlə bağlı planları var. Bu tədbirlər sırasında partiyanın növbəti ildönümünə hazırlıq işləri və bununla bağlı tədbirin keçirilməsi nəzərdə tutulur”.

Onun sözlərinə görə, bundan əlavə, Qərbi Azərbaycan mövzusuna həsr olunmuş bir tədbirin reallaşdırılması da planlaşdırılır:

“Bunlar Gənclər Təşkilatımızın fəaliyyət planında yer alan əsas istiqamətlərdəndir. Qeyd etdiyim kimi, rayon təşkilatlarına səfərlər, Siyasi Şuranın iclası, növbəti fəaliyyət planlarının müzakirəsi və Ali Məclisin iclasının çağırılması əsas hədəflərimiz sırasındadır. Təbii ki, dairə seçki komissiyaları və məntəqə seçki komissiyalarının yenidən formalaşdırılması ilə bağlı məsələlər də gündəmdədir və onların müzakirəsi nəzərdə tutulur. İstənilən halda, yay aylarında da əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun olaraq planlaşdırdığımız tədbirləri həyata keçirəcəyik”.

AMİP sədri deyib ki, bununla yanaşı, partiya funksionerlərinin, mərkəzi aparatda fəaliyyət göstərən müavinlərin, müşavirlərin və digər əməkdaşların istirahəti də qrafik üzrə təşkil olunacaq:

“Çünki səmərəli fəaliyyət üçün istirahət də vacib amillərdən biridir.Partiyalar yay aylarında da fəaliyyətlərini dayandırmır və işlək mexanizm kimi fəaliyyətlərini davam etdirirlər. Bizim fəaliyyətimiz də davam edəcək. Bununla bağlı məlumatlar hər zaman olduğu kimi mütəmadi şəkildə mətbuata təqdim olunur. Həmçinin gənclərimizin beynəlxalq tədbirlərdə və seçkiləri müşahidə missiyalarının tərkibində iştirak etmək üçün xarici səfərləri də nəzərdə tutulub və bu planlar da həyata keçiriləcək. Ümumilikdə, fəaliyyətimiz ilin digər aylarında olduğu kimi davam edəcək. Sadəcə olaraq, qrafikə uyğun şəkildə partiya funksionerlərinin istirahətinə də vaxt ayrılacaq”.

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib ki, yay mövsümü əsasən istirahət dövrü kimi qəbul olunur:

“Hava isti olduğuna görə insanlar bir qədər dincəlməyə, güc toplamağa üstünlük verirlər. Partiya olaraq bu dövrdə də fəaliyyətimiz tam dayanmayacaq, ənənəvi işlər davam etdiriləcək. Xüsusi və ya fərqli bir yay planımız yoxdur. Gündəlik siyasi fəaliyyət, vətəndaşlarla ünsiyyət və partiya daxilində cari işlər öz axarı ilə davam edəcək”.

Ağ Partiyasının sədri Tural Abbaslı bildirib ki, yay mövsümü ilə bağlı xüsusi planları yoxdur:

“Bildiyiniz kimi, yay aylarında siyasi fəaliyyət ümumilikdə azalır. Bu, təkcə ölkəmizdə deyil, dünyanın bir çox yerlərində müşahidə olunan tendensiyadır. Təbii ki, müxtəlif qaynar siyasi nöqtələri nəzərə almasaq, siyasi aktivliyin azalması partiyaların fəaliyyətinə də təsir göstərir. Adətən yay dövründə partiyalar daha çox daxili təşkilatlanma işlərinə diqqət yetirirlər. Strukturlar arasında koordinasiyanın gücləndirilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması, təşkilati məsələlərin həlli bu dövrün əsas fəaliyyət istiqamətlərindən olur. Yəqin ki, bizdə də vəziyyət belə olacaq. Rayon təşkilatları, partiya aparatı və məclis üzvləri arasında koordinasiyanın artırılması, eləcə də bəzi struktur və kadr dəyişiklikləri kimi daxili təşkilati məsələlərə daha çox diqqət ayrılacaq. Xüsusi və qeyri-adi planlarımız nəzərdə tutulmayıb. Ümumiyyətlə, seçkilərarası dövrdə partiyaların fəaliyyəti nisbətən aşağı olur. Çünki siyasi partiyaların əsas fəallığı seçki kampaniyaları və seçkiqabağı mərhələlərdə müşahidə edilir”.

Müsahibimiz qeyd edib ki, kim tətilə çıxmaq imkanı tapacaqsa, istirahətə gedəcək, kəndinə və ya rayonuna yollanacaq. Vaxtı və imkanı olanlar isə partiya daxilindəki təşkilati işlərlə məşğul olacaqlar:

“Nəzərə almaq lazımdır ki, partiyalarda fəaliyyət əsasən könüllülük prinsipi əsasında həyata keçirilir və əksər hallarda maaşlı deyil. Buna görə də, istirahətə getməyən və vaxtı olan şəxslər qeyd etdiyim daxili təşkilati işlərə daha çox diqqət ayıracaqlar”.

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Iyun 2026