Son zamanlar aktual olan problemlərdən biri gecə növbəsində çalışan işçilərlə bağlıdır. Həmin şəxslərin qanunla hansı hüquqları var? Məzuniyyət zamanı nə kimi güzəştlər olunmalıdır? Gecə növbəsində çalışanların maaşı qanunla necə hesablanmalıdır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan vəkil Turan Abdullazadə bildirib ki, Əmək Məcəlləsinə əsasən saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Gecə vaxtı görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların, yaşı on səkkizdən az olan işçilərin cəlb edilməsinə yol verilmir.
Əlilliyi olan işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir: “Hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir. 3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların iş vaxtından artıq işlərə, istirahət, bayram və iş günü hesab olunmayan digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların razılığı ilə yol verilir. Yaşı 18-dən az olan işçiləri gecə vaxtı işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağandır".
Müsahibimiz sonda qeyd edib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır və həmin saatlar qanunvericiliklə müəyyən edilmiş iş vaxtı normasında tam nəzərə alınmaqla vaxtamuzd əmək haqqı sistemi üzrə ödənilir: "Nazirlər Kabinetinin 05.04.2001-ci il 74 saylı qərarına əsasən çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizindən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə əlavə haqq ödənilir".
Xəyalə Rza