• Bakı 25° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Kişi müəllimlərimiz niyə azdır?

CƏMİYYƏT

29 Dekabr 2021 | 14:10 | Müəllif: Qalib İbrahimoğlu

Kişi müəllimlərimiz niyə azdır?

Bəzi ölkələrdə kişi müəllimlərin sayı üstünlük təşkil etsə də, bizdə əksinədir. Belə ki, Azərbaycanın istər orta, istərsə də ali təhsil müəssisələrində qadın müəllimlər kişi müəllimlərdən çoxdu. Ümumiyyətlə, ölkədə qadın müəllimlər ümumi müəllimlərin 81 faizini təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkənin orta ixtisas təhsil müəssisələrində 77,9 faizi, ali təhsil müəssisələrində 54,8 faizi qadınlardır.

Kişilərin pedaqoji fəaliyyətə yönəlməsi üçün hansı proqramlar hazırlanmalıdır?

Məlahət İbrahimqızı

Məlahət İbrahimqızı: Elə etməliyik ki, oğlanlar da pedaqoji fəaliyyətə istiqamətlənsinlər

Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı Bakıvaxtı.az-a bildirib ki, xaricdə belə kritik problem yoxdur: “Məktəblərə nəzər yetirsək, orda maksimum 3-5 kişi müəllimi tapmaq olar. Ana ilə atanın tərbiyəsi eyni olmur. Şagirdlər tək qızlardan ibarət deyil, oğlanlar da var, axı”.

Deputat məktəblərdə kişi müəllimlərinə ehtiyac olduğunu deyir. M.İbrahimqızının sözlərinə görə, bu istiqamətdə hansısa formada təbliğat işi aparılmalıdır ki, oğlanlar da pedaqoji fəaliyyətə istiqamətlənsinlər.

“Mənim parlamentdə məsələ kimi qaldırdığım ən əsas problemlərdən biri də Bakının bir sıra kəndlərində və regionlarda qızların dərsdən yayınma hallarıdır. Qızların dərsdən yayınıb erkən nikaha girməsi ildən-ilə artır. Bir yandan isə boşanmaların sayı artır. Ona görə də bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ən təxirəsalınmaz işi kimi gündəmdə olmalıdır”,- deyə M.İbrahimqızı bildirib.

Sədr müavini qeyri-qanuni nikaha girən qızların da aqibətindən danışıb: “Qızlarımız qeyri-qanuni nikaha girir və iş boşanma həddinə çatanda nə özünün, nə uşağının haqqını tələb edə bilir. Bu istiqamətdə qızlarımız maarifləndirilməlidir”.

Kamran Əsədov

Kamran Əsədov: Paytaxt məktəblərində hətta idman dərslərini də qadın müəllimələr tədris edir

Təhsil eksperti Kamran Əsədov bildirib ki, orta məktəblərdə kişi müəllimlərin azlığı şagirdlərin xarakterinin formalaşmasına ciddi şəkildə təsir göstərir: “Hazırda təhlükə yalnız və yalnız təhsilin keyfiyyəti, dərsə davamiyyət və ən nəhayət, uşaq xarakterinin formalaşması ilə bağlıdır. Uşaqlar məktəbəqədər təhsil pilləsindən tutmuş, ali məkətəbə qədər ancaq qadın müəllimlərin , evdə də analarının təsiri altında formalaşır ki, bu da onların xarakterinə təsirsiz ötüşmür. Etiraf edim ki, bu gün müəllimlərin aldığı əmək haqqı onların aylıq xərclərini ödəmir. Biz 1980-ci illərə nəzər salsaq görərik ki, bu rəqəm 50/50 vəziyyətindədir. Bəzi bölgələrimizdə isə kişi müəllimlərin say faizi daha üstün idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, ölkədə baş verən hadisələr, Qarabağ müharibəsi, iqtisadi çətinlik müəllim kimi fəaliyyət göstərən böyük sayda kişini bu sahədən uzaqlaşdırdı. 1995-ci ildən sonra ölkədə sabitlik yarandıqdan sonra da müəllimin əmək haqqının azlığı bu sahədən üz döndərən kişi müəllimlərin sayını azaltmadı”. Ekspert qeyd edib ki, hazırda Bakıdakı orta məktəblərdə fəaliyyət göstərən müəllimlərdən 27 mini qadın, 3600-ü isə kişidir: “Müəllimlərin məvaciblərinin azlığı kişi pedaqoqların təhsil sahəsindən uzaqlaşmasına səbəb olur. İş o yerə çatıb ki, paytaxt məktəblərində hətta bədən tərbiyəsi və idman dərslərini də qadın müəllimələr tədris edirlər. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın kənd rayonlarında qadın müəllimlər yox dərəcəsində idi. Bu boşluğu doldurmaq üçün Rusiyanın müxtəlif bölgələrindən, eləcə də Bakıdan yerlərə kütləvi şəkildə qadın müəllimlər göndərirdilər. Müəllim kimi yeni işə başlayan gənc təbii ki, bu maaşla dolana bilməyəcəyinin fərqindədir və müəllimlik diplomunu bır kənara atıb, normal maaşlı iş axtarmağa məcbur olur. Dünyanın inkişaf etmiş ölkələrində uşaq bağçalarında tərbiyəçi qadın yoxdur. Uşaqları yalnız kişilər tərbiyə edirlər. Kişilərin tədrisə və uşaqların tərbiyə prosesinə yanaşması isə fərqlidir. Bunu müxtəlif cür izah etmək olar. Qadınlar bu məsələdən inciməməlidirlər. Bu göstərici onların kişilərdən xarakter baxımından zəif olmaları və ya kişilərdən aşağı səviyyədə tədris etmələri kimi qəbul edilməməlidir. Dünyada bu proses belədir”.

Ekspertə görə, hansı ölkələrdə ki, kişilərin sayı qadınların sayından üstündür, bu təhsilin keyfiyyətinə müsbət mənada təsir edir. K.Əsədov bildirib ki, Sovet hakimiyyəti dövründə müəllimin böyük güzəşt və imtiyazları var idi, nəqliyyat xərcləri də daxil olmaqla, digər kommunal ödənişlərdən azad idi. Dövlət büdcəsinin vəsaiti hesabına hər il istirahət mərkəzlərinə, sanatoriyalara göndərilirdi: “Əlbəttə ki, Sovet hakimiyyəti sosialist ölkə idi, indi isə kapitalizm dövrüdür. Lakin bir çox ölkələrdə müəllimin dövlətin kadr potensialının gücləndirilməsi, formalaşdırılmasında xidmətini nəzərə alaraq, yüksək əmək haqqı ilə yanaşı, güzəşt və imtiyazlar saxlanılıb. Hesab edirəm ki, bu sahəyə yenidən kişi müəllimlərin cəlb edilməsi üçün zəruri olan addımların önündə müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi dayanır. Bundan başqa, dövlət büdcəsinin vəsaiti imkan vermir ki, müəllimin əmək haqqı ciddi şəkildə artırılsın. O zaman, müəllimi müəyyən olunmuş xərclərdən azad etmək lazımdır. Yəni müəllim işıq, qaz, su kimi xərclərdən azad edilməlidir ki, aldığı az əmək haqqını sosial rifahına yönəldə bilsin”.

Onun sözlərinə görə, bu gün müəllim gözünün işığını, sağlamlığını xalqın gələcəyinə sərf edir, ona ciddi şəkildə diqqət ayırmaq lazımdır: “Azı hər altı aydan bir müəllimlərin pulsuz və yüksək səviyyədə tibbi xidməti həyata keçirilməlidir. Müəllimə müqəddəslərə göstərdiyimiz ehtiramı göstərməliyik, səfirlərə verilən təhlükəsizlik və toxunulmazlığı həm də müəllimə verməliyik, deputata verilən əmək haqqını müəllimə verməliyik. Cəbhəyanı ərazilərdə fəaliyyət göstərən müəllimlərin əmək haqqı şəhərdə çalışanlarla müqayisədə iki dəfə çox verilməlidir. Çünki ölkədə fəaliyyət göstərən hər bir vətəndaşı yetişdirən, formalaşdıran müəllimdir”, - deyə Kamran Əsədov bildirib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026