Cənubi Koreyanın yeni prezidenti Li Ce Myon öz inaqurasiya mərasimində KXDR rəhbərliyi ilə təmaslar qurmağa hazır olduğunu bəyan edib. O bununla belə, ordunun hərbi hazırlıq səviyyəsini qoruyub saxlamasınının vacib olduğunu dilə gətirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
“Müdafiə xərclərimiz Şimali Koreyanın ÜDM-indən iki dəfə çoxdur, bizim silahlı qüvvələrimiz dünyada beşinci yerdədir. Şimali Koreya ilə dialoqa açıq olacağıq, Koreya yarımadasında əməkdaşlıq vasitəsilə sülh quracağıq. Eyni zamanda Şimalın hərbi təxribatlarına və nüvə silahına qarşı Koreya Respublikası ilə ABŞ arasında hərbi ittifaqa əsaslanan güclü çəkindirmə vasitələrimiz sayəsində hazır olacağıq”, – Li Ce Myon bildirib.
Qeyd edək ki, andiçmə mərasimi 2017-ci ildə olduğu kimi sürətli formatda keçirilib. Li Ce Myon Mərkəzi Seçki Komissiyası onun seçkilərdə qalib gəldiyini yerli vaxtla 4 iyun saat 06:21-də rəsmən elan etdikdən sonra vəzifəsinin icrasına başlayıb.