• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Korona "4 yaşında": Nələr dəyişdi?

CƏMİYYƏT

28 Fevral 2024 | 13:18

Korona "4 yaşında": Nələr dəyişdi?

Bu gün Azərbaycanda ilk koronavirusa yoluxma faktının qeydə alınmasından (28 fevral 2020-ci il) dörd il ötür.

Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da pandemiya bir sıra sahələrdə dəyişikliklərə səbəb oldu.

Bəs pandemiya ölkəmizdə daha çox hansı sahələrə təsir göstərib?

Ekpertlər mövzu ilə bağlı Bakıvvaxtı.az-ın sorğusunu cavablandırıblar.

Mətbuat Şurasının sədri Rəşad Məcid - Pandemiyanın mətbuata təsirləri

“Koronovirus cəmiyyətin həyatında xeyli dəyişikliklərə səbəb oldu. Bəzi insanlarda ruh düşkünlüyü, gələcəklə bağlı pessimist meyllər yaratdı.

Pandemiyanın mətbuat sahəsinə də mənfi və müsbət təsirləri oldu. Xüsusən, yazılı media üçün ağır günlər oldu. Virusun yayılmasına görə evdən çıxmayan insanlar yazılı mətbuatdan uzaq düşdülər. Bir müddətdən sonra bu, vərdişə çevrildi. Beləcə yazılı mətbuatın tarixə çevrilməsi daha da sürətləndi.

Digər tərəfdən,  jurnalistlərin onlayn işləmək bacarıqları artdı. Onlar yeni proqramlarla, texnologiyalarla tanış oldular. Xüsusən televiziyalarda canlı şəkildə müxtləif proqramlar vasitəsilə onlayn müsahibələrin alınması, onlayn konfransların təşkili onların təcrübələrini artırdı. Eləcə də media subyektləri onlayn işləməyə öyrəşdilər”.

ƏDƏBİYYAT KLUBU: MAİL YAQUB - YARAT

Sosioloq Mail Yaqublu – Pandemiyanın sosial mühitə təsirləri

“Koronovirus pandemiyası dönəmində tətbiq olunan məhdudiyyətlər insanların onlayn vasitələrdən istifadəsini çoxaltdı. Yadımdadır, 2020-ci ilin aprel ayında bir yutub kanalının izləyicisi 60 min idi, 2020-ci ilin avqustuna qədər isə bu rəqəm 50 min artaraq 110 minə çatdı.

Bu, həmin dönəmdə insanların internetə, sosial şəbəkələrə onlayn xidmətə meyilini artırdı. Sözügedən tendensiya sonrakı münasibətlərə də təkan verdi. Sanki insanlar sosial şəbəkələrlə daha da doğmalaşdılar. Təbii ki, bunun pis nəticələri də oldu. Məsələn, insanlar evə qapandığı üççün boşama hallarının sayı da çoxaldı. Bu bəzi ailələrdə qadın və kişi arasında münasibətlərin onların bir-birindən uzaq qaldığı vaxtlarda daha yaxşı qorunduğunu göstərdi. Hərçənd psixoloqlar bir-biri ilə zaman keçirməyin ailələrin qorunmasına təkan verdiyini deyirdi. Bizdə bunun əksi oldu. Azərbaycanda boşanmaların sayı məhz həmin dönəmdən sonra artdı”.

Psixoloq Gülnar Orucova: “Qadınlar xəyanəti düşünüb edirlər” - 7Times.Az – Son Xəbərlər, Dünya Xəbərləri və Multimedia

​​​​Psixoloq Gülnar Orucova – Pandemiyanın insanların psixologiyasına təsirləri

“Koronovirus insanlarda ölüm qorxusu yaratdı. Stress, əsəb, gərginlik, pik həddə çatdı. Azadlığı məhdudlaşan insanlar aqresssiv olmağa, bir-birinə şübhə ilə yanaşmağa başladılar.

Ailələr bir-birini daha yaxından tanıdığı üçün boşanmaların sayı da artdı.

Dərslər onlayn keçirildiyi üçün valideynlər uşaqların hərəsinə bir telefon alıb verdi. Onlayn təhsil formatına uyğunlaşa bilməyən uşaqlar depressiyaya düşdülər. Uşaqların nitqinin inkişafı, sosial bacarıqları zəiflədi. Bu dönəmdə uşaqlar müxtəlif mobil oyunlar kəşf etdilər. Bu da onların nəinki gələcək həyatının eləcə də təlim fəaliyyətini zəiflətdi.

Sərhədlər bağlı olduğu üçün uzaqda yaşayan qohumlar bir-biri ilə tamamən yada çevrildi. İnsanlar tez-tez panikə düşdülər, özlərində depressiya vəziyyəti yaratdılar.

İnsanlar azadlıqlarının, sağlamlığın qiymətini bildilər. Analar övladlarına qarşı daha həssas olmağa başladılar. Pandemiyanın mənfi təsirləri hələ də yeniyetmələrin və gənclərin şüuraltında qalıb. İnsanların bu dönəmdə psixoloqa tələbatı artdı. Psixoqoqları ciddiyə almayanlar belə onlara üz tutmağa başladılar”.

Yeni Fondun təhsilə təsiri onu idarə edəndən asılı olacaq

Təhsil eksperti Elçin Süleymanov – Pandemiyanın təhsilə təsirləri

“Koronovirus dünyanı cənginə alanda ona qarşı ciddi tədbirlər görən ölkələrdən biri də Azərbaycan idi. Mart ayının əvvəllərində ilk yoluxmaların qeydə alındığı vaxtlarda təhsil sistemində 1-2 həftəlik fasilələr olsa da, aprel ayından etibarən Azərbaycan onlayn təhsil sistemi ilə işini davam etdirdi.

Elektron təhsil sistemi Elm və Təhsil Nazirliyinin elektron bazasını genişləndirdi. Onlayn dərslər keçirlməyə başlanıldı. Ali təhsil müəssisələrinin maddi texniki bazası ona uyğunlaşdırılmışdı. Pandemiyanın ilk mərhələlərində universitetlər imtahan sisteminin formalaşmasında müəyyən qədər çətinlik çəksə də, sentyabrda pandemiyanın bir qədər azalması ilə hibrid təhsilə keçildi. Onlayn dərs formatı tələbələrdə davranış pozuntuları, diqqət əskikliyinin yaratdı. Daha sonra əyani təhsilə başlayarkən onların adaptasiya problemi də yarandı. Digər sahələrdə olduğu kimi təhsil sahəsində də bir çox görkəmli şəxsləri itirdik.

Bunlarla yanaşı pandemiyanın qazandırdıqları da oldu. Həm müəllimlərin, həm də şagirdlərin texniki avadanlıqlardan istifadə qabiliyyəti artdı. Pandemiya ərəfəsində bir çox universitet Google-un təhsil platformalarından, “Teams” və “Zoom”dan geniş istifadəyə başladı. Bu təhsil işşçilərinin beynəlxalq konfranslarında iştirakına da kömək etdi. Pandemiyanın təhsil sistemimizə qatdığı ən böyük şey texnologiyadan düzgün istifadə etməyimiz oldu”.

İqtisadçı Eldəniz Əmirov – Pandemiyanın ölkə iqtisadiyyatına təsirləri

“Bu iki-üç il ərzində koronovirusun ölkə iqtisadiyyatına vurduğu zərər o qədər böyükdür ki, onun faydasını dilə gətirməmək daha doğru olar. Pandemiya nəinki ölkə iqtisadiyyatını, dünya iqtisadiyyatını da diz çökdürdü. Və hələ də dünya özünə gələ bilmir.

2019-cu ildə ölkəyə 3 milyon 200 min turist gəlmişdi. Son üç il ərzində isə ölkəyə 2 milyon turist gəlib. Hələ də əvvəki rəqəmə çatmağımıza 1 milyon 200 min nəfər var qalıb. Koronovirus iqtisadiyyatın bir çox sahələrinə zərər vurub. İqtidiyyatı nisbətən güclü olan ölkələr bu savaşdan daha az zərərlə çıxmağı bacarıb. Azərbaycan inkişaf etməkdə olan ölkə kimi bu məsələdə orta göstəriciyə sahibdir. Ölkəmiz həyata keçirilən anti-infeliyasiya və anti-böhran təbdirləri nəticəsində bu sınaqdan üzüağ çıxdı”.

İnfeksionist Aqil Kəməndli – Koronavirusun tibb sahəsinə təsirləri

“Bu dönəmdə tibb sahəsində istər laborator, istərsə də İnfeksiya Nəzarət Komitəsi yaradılması cəhətdən xeyli irəliləyişlər oldu.

Xəstələrə yanaşma dəyişdi. Gənc həkimlərimiz tibb sahəsində bir sıra uğurlar əldə etdilər. Döş qəfəsi, ağciyər xəstəlikləri ilə bağlı bir çox tezislər yazıldı.

Koronavirus ölkəmizdə insanların həkimlərə müraciət sayını da artırdı. İndi xəstələr öskürən kimi, temperaturları qalxan kimi həkimə qaçırlar. Yenidən koronovirusa yoluxmaqdan qorxurlar.

Hazırda əhali arasında öskürək, halsızlıq, qızdırma simptonları ilə müşahidə olunan xəstəlik də yayılıb. Törədicisi tam məlum deyil. Türkiyənin Səhiyyə Nazirliyi bunun “X” xəstəliyi olduğunu təsdiqləyib. Bəzi xəstələrdə öskürək 1-2 aya qədər davam edir. Çox güman ki, bu, yuxarı buronx sistemini tutan bir infeksiyadır. Əslində bu dövrü də pandemik bir dövr kimi qiymətləndirmək olar”.

İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov – Koronavirusun texnologiya sahəsinə təsirləri

“Pandemiya dövründə ölkəmizdə insanların texnologiyadan istifadəsi artdı. Azərbaycan yeganə ölkə idi “Microsoft” tərəfindən tətbiq olunan video proqramlarından kütləvi istifadə etdi. Tez bir zamanda ölkəmizdə təhsil sistemi yeni bir modelə keçdi.

Bu “Microsoft” şirkəti tərəfindən də müsbət qarşılandı. Biz onlara kütləvi istifadənin mümkün olduğunu bir keys kimi verdik.

Digər tərəfdən onlayn alış-veriş geniş yayıldı. İnternetin texnologiyaların insanların həyatına sürətli keçidi oldu. Yadınıza gəlirsə, pandemiya dönəmində ölkədə hamı internetin sürətindən şikayətlənirdi. Çünki insanlar evdə oturaraq kütləvi şəkildə internetə giriş edirdilər. Bundan başqa bir çox proqramçılar Azərbaycanda yaşayaraq dünya şirkətləri ilə işləməyə başladılar. Bu da iqtisadi səbəblərlə bağlı idi”.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026