Ukrayna ordusunun avqustun 6-da Kursk vilayətinə hücum edərək 11 kəndi nəzarətə götürməsi Ukrayna-Rusiya münaqişəsinin daha da gərginləşməsinə səbəb olub.
Məlumata görə, ən azı 300 ukraynalı əsgər Rusiya sərhədini keçərək, Kursk vilayətinə hücum edib. Ukrayna qoşunları qısa zamanda Rusiya ərazisinin 350 kvadrat kilometrini zəbt edib, onlarla rusu əsir götürüb. Nəticədə 48 saatdan az müddətdə Ukrayna 2023-cü ilin yayında baş vermiş uğursuz əks-hücumdan daha çox ərazini ələ keçirib. Bəzi analitiklərə görə, son hadisə ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) susqunluğu diqqət çəkir.
Bəs görəsən, Rusiyanın Kursk vilayətindəki döyüşlər fonunda KTMT Ukraynaya qoşun yeridə bilər?
Mövzu ilə bağlı politoloq Azər Qasımov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ukraynanın Kurska hücumu bir sıra həqiqətləri üzə çıxaracaq.
Onun sözlərinə görə, Rusiyanın yaratdığı təşkilatların mahiyyəti əslində bəllidir. Bu təşkilatlar formal olaraq Rusiyanın hegemonluğunun süni göstəricisidir:
"NATO, Avropa İttifaqı, AUKUS kimi təşkilatlar qarşısına Rusiya MDB, KTMT, BRİKS kimi təşkilatlarla çıxır. Lakin bu təşkilatların effektivliyi demək olar ki, yox səviyyəsindədir. KTMT formal bir təşkilat kimi Rusiyanın Ukrayna müharibəsində heç bir rol oynamır. Əvvəla Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlara verdiyi ad buna imkan vermir. Rusiya buna müharibə yox, "xüsusi hərbi əməliyyat", eləcə də Ukraynanın Kursk vilayətinə hücumuna "genişmiqyaslı antiterror əməliyyatı" adı verib. Bu, Rusiyanın ərazisinə təcavüz hesab edilsə də, rəsmi Moskvanın verdiyi ad KTMT-nin Rusiyaya dəstək olması üçün tələb olunan şərtlərin mahiyyətindən kənardır".

Azər Qasımov: Rusiya KTMT-dən dəstək almaq üçün ərazisinə hərbi təcavüz olunduğunu bəyan etməlidir
A.Qasımov hesab edir ki, Rusiyada Ukrayna müharibəsinə hərbi əməliyyat deyənlərin həbs olunduğu bir durumda KTMT üzvlərinin buna hərbi dəstək verməsi fikri absurddur. Çünki Rusiya KTMT-dən dəstək almaq üçün əvvəlcə ərazisinə hərbi təcavüz olunduğunu bəyan etməlidir. Bundan sonra KTMT-nin dəstək prosedurları işə düşə bilər. KTMT kimi hansı ölkələrin köməyə gələcəyi isə maraq doğurur.
"Ermənistan zatən KTMT-dən çıxacağını açıqlayıb. Qazaxıstanın və ya digər Orta Asiya ölkələrin köməyə gələcəyi də şübhə doğurur. Tək ehtimal kimi Belarus qalır. Lukaşenko da ciddi cəhdlə Ukrayna müharibəsindən kənar durmaq istəyir. Rusiya da KTMT-dən hərbi əsgəri dəstək istəməz", - deyə müsahibimiz qeyd edib.
Politoloq vurğulayıb ki, Rusiyanin öz ehtiyatları hesabına Ukrayna ordusunu öz ərazisindən çıxaracağı mütləqdir. Əslində Ukrayna ordusu da Kurskda qalmaq üçün ora girməyib. Məsələ Rusiyanın Ukrayna ərazilərindəki hücumlarını səngitməkdir.
Gülşən Şərif
















