"“Wolt" şirkətinin kuryerlərin etirazına görə və ya onlayn olmadıqları səbəbi ilə partnyorluğu dayandırması və kuryerlərə hədə-qorxu gəlməsi tamamilə yanlışdır”.
Bunu “Wolt şirkətindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildiriblər.
Şirkət tərəfindən bildirilib ki, Wolt sifarişlərini çatdıran kuryerlər şirkət əməkdaşları deyil və xidməti müqavilə əsasında çalışan fərdi sahibkarlardır:
“Biz bütün partnyorlarımıza hörmətlə yanaşırıq və biznesimizin necə idarə olunması haqda fikirlərimizin üst-üstə gəlməməsi səbəbindən heç zaman partnyorluğumuzu bitirməzdik”.
Məlumatda qeyd olunub ki, dünən - aprelin 21-də bir qrup kuryer ödəniş modelinə edilən bəzi dəyişikliklərlə bağlı narazıçılığını bildirmək üçün Wolt sistemində oflayn olmaq qərarını verib:
“Bu cür dəyişiklər, hər zaman olduğu kimi, mövcud tələbat əsasında olunur və dəyişiklərin olunmasına baxmayaraq, kuryer-partnyorlarımıza təqdim olunan ödənişlər yenə də bazar səviyyəsinə uyğun olaraq qalır. Məsələn, hazırda müqəddəs Ramazan ayı ilə əlaqədar gün ərzində sifariş sayı bir qədər aşağıdır. Bu səbəbdən qazancların nisbətən aşağı düşməsi də gözləniləndir. Tələbatın aşağı enməsi həm bizə, həm də kuryer-partnyorlara öz təsirini göstərir və biz kuryerlərin narazıçılığını çox gözəl başa düşürük. Dünən axşam radələrində biz ofisimizdə görüş keçirmək istəyini bildirən kuryerlərin bir hissəsi ilə görüş keçirib, onların fikirlərini diqqətlə dinlədik. Aldığımız məlumatlara əsasən növbəti addımlarımız haqda düşünəcəyik. Oflayn olaraq etirazlarını bildirən heç bir kuryer ilə əməkdaşlıq dayandırılmamışdır. Həm dünən, həm də bu gün ərzində çatdırılma xidməti stabil olaraq işini davam etdirir”.
Qeyd edək ki, Bakıda “Wolt” şirkətində kuryer işləyən 100-dən çox şəxs maaş artımı tələbi ilə işə çıxmayıb. Bununla bağlı sosial şəbəkələrdə yayılan məlumata əsasən, şirkət etiraz edən kuryerlərin bir neçəsini işdən çıxarıb. Nəqliyyat vasitələrinin üstünə “Qiymətlər qalxmasa, işləməyəcəyik” şüarları yapışdıran şikayətçilər bildiriblər ki, maaş artımı tələb edəndə şirkət tərəfindən hədə-qorxu gəlinir ki, işləmək istəyən, növbədə gözləyən yüzlərlə insan var.
Nuranə Daxilqızı
















