Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu Yorka gedib.
Bakıvaxtı.az-ın məlumatına görə, nazir səfər çərçivəsində BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq və Ukrayna üzrə iclaslarında iştirak edəcək. Rusiya XİN rəhbərini müşayiət edən jurnalistlərə də məhdudiyyətsiz viza təqdim edilib.
Məlumat üçün bildirək ki, Rusiya Ukrayna ilə müharibəyə başladıqdan sonra Qərb ölkələri Moskvaya yönəlik çoxsaylı sanksiyalar tətbiq ediblər. Rusiyaya qarşı sanksiyaların biri də rəsmilərin, o cümlədən XİN başçısı Sergey Lavrovun Qərb ölkələrinə səfərlərinə imkan verilməyib. Lakin son günlər Qərbin mövqeyində müəyyən yumşalma müşahidə olunur.
Politoloq Qulamhüseyn Əlibəyli Bakıvaxtı.az-a açıqlamasında deyib ki, BMT-nin Rusiya-Ukrayna müharibəsinə həsr olunmuş iclasının Rusiya rəsmilərinin iştirakı olmadan keçirilməsi əhəmiyyətsizdir. Onun fikrincə, Rusiyaya yönəlik rəsmilərə viza verilməsi məsələsində məhdudiyyətin aradan qaldırılması daha çox bu amillə bağlıdır:
"Rusiyanın mühakimə olunduğu iclasda rus təmsilçilərin də olması, onlara da söz haqqının verilməsi məntiqlidir. Amma ümumən son dönəmdə Qərb ölkələrinin Ukraynaya dəstəyində azalma görünür. Qərb həm silah-sursat baxımından, həm də siyasi-mənəvi yöndən dəstək xeyli azalıb. Görünən odur ki, Qərb artıq bu müharibədən bezib. Ona görə də çalışırlar ki, Ukrayna ilə Rusiyanı barışdırsınlar. Bu da indiki şəraitdə ancaq Rusiyanın hegemonluğu, diqtəsi altında baş verə bilər. Yəni Ukraynaya ərazi itkilərinə hazır olmağı məsləhət görürlər. Kiyevi bir növ Rusiya ilə danışıqlara getməyə, müəyyən güzəştlərə hazırlayırlar. Sözsüz ki, burada Kremlin də maraqlarının nisbətən təmin olunmasından söhbət gedir. O baxımdan sanksiyaları müəyyən qədər yumşaldırlar".

Qulamhüseyn Əlibəyli: Qərb artıq müharibədən bezib, ona görə də çalışırlar ki, Ukrayna ilə Rusiyanı barışdırsınlar
Həmsöhbətimiz bəyan edib ki, Qərbin iqtisadi sanksiyaları gözlənilən nəticəni vermədi:
"Görünür, Qərb Rusiyanın təbii və kortəbii potensialını yaxşı hesablaya bilmədi. Ona görə də ən azından siyasi sanksiyaların yumşaldılması, Rusiya rəsmilərinə səfərlər üçün vizaların verilməsi məsələsi gündəmə gəlir. Ola bilsin, gələcəkdə Ukrayna başqa güzəştlərə də hazırlaşdırılsın".
Aydın Baxış
















