Xəbər verdiyimiz kimi, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşlarının 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılması ilə bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bu, əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq edib.
V.Bayramov nəzərə çatdırıb ki, bu eyni zamanda il ərzində sosial paketin daha da dərinləşəcəyindən xəbər verir.
"Minimum əmək haqqı artımından sonra daha çox sektorlarda maaş artımlarının olacağı gözlənilir. Son sərəncamın əhatə dairəsinin geniş olması bunu bir daha təsdiq edir. 3 milyon vətəndaşımızı əhatə edəcək beşinci sosial paketin maliyyələşməsinə əlavə olaraq 1.6 milyard manatın ayrılacağı gözlənilir. Bütövlükdə, bu il ərzində dövlət büdcəsindən sosial sahəyə 16.9 milyard manat ayrılacaq",- deyə deputat qeyd edib.
Mina Mikayılova