Fransa prezidenti Emmanuel Makronun istefası tələbi ilə dekabrın 7-də Parisdə nümayiş keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo bildirib.
Bu arada Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa prezidenti Emanuel Makronu hökumət böhranının öhdəsindən gələ bilməyən və prezident postundan getməli olan zəif adlandırıb.
Maraqlıdır, Makron nümayişlərin qarşılığında istefa verəcəkmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Kazım Kazımov bildirib ki, Fransada artıq bir neçə ildir, xroniki etiraz aksiyaları başlayıb.
Müsahibimiz 2019-2020-ci illərdə geniş vüsət almış “sarı jiletlilər” hərəkatının olduğunu xatırladaq, qeyd edib ki, onlar çox ciddi şəkildə Fransa prezidentinin taxtını sarsıtsalar da, pandemiya dövründə qapanmalardan sui-istifadə edən Makron bu protestoların qarşısını ala bildi.
K.Kazımovun sözlərinə görə, Fransada xüsusən pensiya yaşının artırılması, iqtisadi durğunluğun artması, infilyasiyanın yüksəlməsi, qaçqın axınının çoxalması hökumət üçün həll edilə bilməyən problemlər halına gəlib.
Kazım Kazımov: Makron indiki parlamentlə mayadək işləməyə çalışacaq, sonra isə...
“Biz bilirik ki, iqtidar eyni zamanda imperialist məqsədlər üçün çoxlu vəsaitlər xərcləyir ki, bunlar Fransa xalqının puludur. Fransa həmçinin islamafobiyanın mərkəzlərindən biri halına gəlib” deyən müsahibimiz bildirib ki, bu da Avropada və bütün dünyada Fransanın imicinə zərər verir. Bütün bunların fonunda bunların hamsının səbəbkarı da elə Makrondur.
Makronun bu nümayişlərdən sonra istefa vermək ehtimalının çox zəif olduğunu deyən politoloq, izah edib ki, o, bir növ protestolar dövrünün rəhbərinə çevrilib :
“Bu, onun üçün çox da yad olan hadisə deyil və eyni zamanda Makron xalqın istəklərini nəzərə alan bir lider deyil”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, keçən il Fransada parlament seçkiləri keçirilib və bu seçkilər sol qüvvələrin, xalq cəbhəsinin liderliyi ilə sona çatıb. K.Kazımov vurğulayıb ki, Fransa qanunvericiliyinə görə hökuməti birinci partiya qurmalıdır və əgər bir il ərzində proseslər istənilən kimi getməsə, parlament böhranı davam etsə, prezidentin parlamenti buraxmaq səlahiyyəti var.
Politoloq Makronun maksimum may ayına qədər bu parlamentlə işləməyə çalışacağını düşünür:
“May ayında parlamenti buraxaraq yenidən bəxtini sınamaq üçün və özünə sadiq qüvvələrin parlamentdə çoxluğunu təşkil etmək üçün seçki keçirəcək”.
Mina Mikayılova