• Bakı 23° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8646

    RUB - 0.0179

Maliyyənin səssiz gücü: Dünya Bankının qlobal siyasətdəki görünməz əli

DÜNYA

07 Oktyabr 2024 | 17:03

Maliyyənin səssiz gücü: Dünya Bankının qlobal siyasətdəki görünməz əli

Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadi sistemin dayanıqlığını qoruyan və inkişaf etməkdə olan ölkələrə yardım göstərən iki əsas beynəlxalq maliyyə institutudur.

İkinci Dünya müharibəsindən sonra qlobal iqtisadiyyatı gücləndirmək və maliyyə sabitliyini təmin etmək məqsədilə yaradılan bu qurumlar vaxt keçdikcə yalnız iqtisadi deyil, eyni zamanda qlobal siyasətə də təsir göstərən vacib təsisatlara çevriliblər.

Dünya Bankı və BVF iqtisadi inkişafın təşviqi və yoxsulluğun azaldılması missiyasını daşıyan iki əsas qurumdur. Dünya Bankı əsasən inkişaf etməkdə olan ölkələrdə infrastruktur layihələrinə, təhsil və səhiyyə kimi əsas sosial xidmətlərə maliyyə yardımı göstərir. Bu yardımların nəticəsində ölkələr infrastruktur, kənd təsərrüfatı, su və sanitariya sistemlərinin inkişafı sahəsində irəliləyişlər əldə edir. BVF isə daha çox qısamüddətli maliyyə yardımı göstərməklə iqtisadi böhran zamanı ölkələrə dəstək olur və tənzimləyici siyasətlərin formalaşdırılmasına kömək edir.

Bununla yanaşı, BVF-nin proqramları struktur islahatları da tələb edir. Əldə edilən bu dəyişikliklər ölkələrin qlobal iqtisadi sistemə inteqrasiya olunmasına şərait yaradır. Lakin bəzi hallarda bu islahatlar müəyyən sosial qrupların həyatını mənfi təsir edə bilər və müsbət nəticələr uzun müddət tələb edir.

BVF qlobal maliyyə sabitliyinin təmin olunmasında mühüm rol oynayır. Təşkilat iqtisadi çətinliklər yaşayan ölkələrə maliyyə yardımı təklif edərək onların iqtisadi böhranlardan xilas olmasına yardım edir. Məsələn, 2008-ci il qlobal maliyyə böhranı zamanı BVF bir sıra Avropa və Latın Amerikası ölkələrinə yardım proqramları təqdim edib. BVF-in bu yardımları iqtisadi sabitliyi bərpa etməklə yanaşı, həmin ölkələrin dünya iqtisadi sisteminə daha sıx inteqrasiya olunmasını təmin edib.

Dünya Bankı isə uzunmüddətli layihələr vasitəsilə iqtisadi stabilliyin əsaslarını möhkəmləndirir. Bu layihələr ölkələrin infrastrukturlarının inkişafını dəstəkləyərək iqtisadiyyatlarının daha davamlı və sabit olmasına kömək edir. Bu stabillik isə qlobal miqyasda maliyyə və iqtisadi balansın qorunması baxımından vacibdir.

Dünya Bankı və BVF-in fəaliyyəti yalnız iqtisadi deyil, eyni zamanda siyasi müstəvidə də təsirli olur. İnkişaf etməkdə olan ölkələrə maliyyə yardımları təklif edərkən bu təşkilatlar bəzən həmin ölkələrdən müəyyən islahatlar və siyasi dəyişikliklər tələb edirlər. Bu proseslər həmin ölkələrdə şəffaflıq, yaxşı idarəçilik, hüquqi islahatlar kimi sahələrdə dəyişikliklərə səbəb ola bilər. Ancaq bu tələblər, bəzi hallarda ölkələr tərəfindən xarici müdaxilə kimi qiymətləndirilir və daxili siyasətə mənfi təsir göstərə bilir.

BVF, xüsusilə, ABŞ və digər inkişaf etmiş ölkələrin təsiri altında fəaliyyət göstərdiyi üçün bəzən bu ölkələrin xarici siyasətində alət kimi də istifadə olunur. Dünya Bankının siyasi təsiri isə əsasən inkişaf proqramları vasitəsilə formalaşır. Misal üçün, müəyyən ölkələrə verilən yardımlar siyasi məsələlərlə bağlı məhdudiyyətlər yaradır.

Dünya Bankı və BVF-nin fəaliyyəti ölkələrin qlobal iqtisadi sistemə daha yaxşı inteqrasiya olunmasına kömək edir. Bu qurumların dəstəyi ilə həyata keçirilən iqtisadi islahatlar və inkişaf layihələri, ölkələrin qlobal ticarət və investisiya axınlarına qoşulmasına şərait yaradır. Qloballaşmanın təşviqi isə yalnız iqtisadi deyil, eyni zamanda siyasi səviyyədə əməkdaşlığın dərinləşməsinə yol açır. Lakin bəzi hallarda, bu qurumların tətbiq etdiyi iqtisadi modellər və proqramlar, regional iqtisadi və siyasi balansın pozulmasına gətirib çıxarır. Bu isə bəzi ölkələrin iqtisadi asılılığını artırır və bərabərsizliklərin dərinləşməsinə səbəb olur.

Son illərdə qlobal iqtisadiyyatın tələbləri dəyişdikcə Dünya Bankı və BVF də öz fəaliyyətlərini yeniləmək məcburiyyətində qalırlar. İqlim dəyişikliyi, iqtisadi bərabərsizlik və sosial ədalət kimi məsələlər bu qurumların gündəliyində əsas yerləri tutur. Onların qlobal siyasətə təsiri isə dəyişən dünya reallıqları ilə bərabər inkişaf etməli olacaq. Məsələn, iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal iqtisadi qaynaqların səfərbər edilməsi, Dünya Bankı və BVF-in fəaliyyətində əsas prioritetlərdən birinə çevrilib.

BVF və Dünya Bankının qlobal siyasətə təsiri həm iqtisadi, həm də siyasi müstəvidə çoxşaxəli və mürəkkəbdir. Bu təsir bir tərəfdən ölkələrin iqtisadi inkişafını stimullaşdırır, digər tərəfdən isə qlobal iqtisadi sabitliyi qoruyaraq dünyada yeni nizamın formalaşmasına kömək edir. Lakin onların fəaliyyəti, bəzən xarici siyasət təzyiqləri və qloballaşmanın mənfi təsirləri ilə də müşayiət olunur. Buna görə də, bu qurumların gələcəkdə qlobal siyasətdə daha balanslı və adaptiv bir rol oynamaları gözlənilir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

07 Oktyabr 2024