Masallı rayonunun Xoşçobanlı kəndində ailə münaqişəsi zəminində törədilən qətl hadisəsi ilə bağlı açılan cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü Kamran Zərbəliyev Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə ittiham olunub.
İttihama görə, Kamran Zərbəliyev ov tüfəngi ilə qayınanası Aybəniz Məmmədovaya, həyat yoldaşı Arzu Zərbəliyevaya, baldızı Aysuna və qohumu Fərman Qarayevə atəş açıb. Nəticədə Aybəniz Məmmədova hadisə yerində ölüb, digər şəxslər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Hadisədən sonra Kamran Zərbəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan cinayətin aləti olan “Lion” markalı ov tüfəngi götürülüb.
Məhkəmədə təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində bildirib ki, qaynanasını öldürmək niyyəti olmayıb, onu cəzalandırmaq istəyib. O, digər zərərçəkmiş şəxslərə qəsdən atəş açmadığını, əsəblərinə hakim ola bilmədiyini deyib. Kamran Zərbəliyev hadisə zamanı güclü emosional vəziyyətdə olduğunu, baş verənləri tam xatırlamadığını bildirib.
Təqsirləndirilən şəxs ifadəsində ailədaxili münaqişələrin uzun müddətdir davam etdiyini, hadisə günü də həyat yoldaşının və uşaqlarının onun xəbəri olmadan evdən aparılmasına əsəbiləşdiyini qeyd edib. Onun sözlərinə görə, ailəsini qorumaq məqsədi ilə hərəkət edib və hadisə zamanı özündə olmadığını anlayıb.
K.Zərbəliyev bildirib ki, ailədə əsas problemi qayınanası ilə olub. Kamran arvadını və uşaqlarını qayınanasının evində yaşamasını, onunla tez-tez görüşməsini istəməyib. Buna görə də dəfələrlə qayınanası ilə mübahisələri olub. Hadisə günü də mərhum qayınanası taksi göndərərək qızını və nəvələrini onun evinə gətirmək istəyib. Kamran bundan xəbər tutaraq ailəsini evinə geri qaytarıb. Bundan sonra qayınanası və baldızı onun evinə gələrək mübahisə ediblər. Mübahisə zamanı Kamran odlu silahla qayınanasına atəş açıb. Kamran bildirib ki, atəş açılan zaman digər şəxslərə qırmalar dəyib və ona görə xəsarət alıblar.
Məhkəmədə dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, mərhum Aybəniz Məmmədova onun anasıdır və Kamran Zərbəliyevlə Arzu Zərbəliyeva arasında əvvəllər də mütəmadi olaraq mübahisələr yaşanıb. O, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona ağır cəza verilməsini xahiş edib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamran Zərbəliyev törətdiyi cinayət əməllərinə görə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı 




