• Bakı C

    13.72 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

AMB gələn il üçün pul siyasətinin məqsədini AÇIQLADI

İQTİSADİYYAT

25 Dekabr 2025 | 09:23

AMB gələn il üçün pul siyasətinin məqsədini AÇIQLADI

Pul siyasətinin hədəfi növbəti ildə də illik inflyasiyanı 4±2% səviyyəsində saxlamaqdan ibarət olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu Mərkəzi Bankın 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib.

Qeyd edilib ki, əvvəlki illərdə olduğu kimi, növbəti ildə də hədəf göstəricisi Dövlət Statistika Komitəsi tərəfindən hesablanan istehlak qiymətləri indeksinin son 12 ayda dəyişimi olacaq.

İnflyasiyanın hədəf daxilində idarə edilməsi davamlı iqtisadi artımın vacib şərtlərindən biridir. Bu ev təsərrüfatlarının, həmçinin şirkətlərin gəlir və əmanətlərinin qorunması üçün vacibdir. Sabit və aşağı inflyasiya milli valyutaya inamı və onun alıcılıq qabiliyyətini artırır, bununla da iqtisadiyyatda xarici valyuta ilə ifadə olunmuş aktiv və öhdəliklərin payını azaltmağa kömək edir. Bütün bunlar iqtisadiyyatın xarici mühitdəki dəyişikliklərə davamlılığını artırır.

Mərkəzi Bankın son (oktyabr 2025) proqnozlarına görə, 2026-cı ildə illik inflyasiyanın 5.7% olacağı gözlənilir ki, bu da hədəf diapazonu daxilindədir. Hökumətin, beynəlxalq maliyyə-kredit təşkilatlarının və beynəlxalq reytinq agentliklərinin proqnozları da inflyasiyanın növbəti ildə əsasən bu diapazonda qalacağını göstərir.

Mərkəzi Bank 2026-cı ildə də inflyasiya amillərinin hərtərəfli təhlili əsasında özünün inflyasiya proqnozlarını hər rüb yeniləyəcək. Eyni zamanda əhali və müəssisələr arasında keçirilən sorğular əsasında ev təsərrüfatlarının və biznes subyektlərinin inflyasiya gözləntilərinin qiymətləndirilməsi davam etdiriləcək.

Mərkəzi Bank növbəti ildə də pul siyasətinə dair qərarlar verərkən ölkə iqtisadiyyatına və inflyasiyaya təsir göstərə biləcək daxili və xarici amilləri, habelə riskləri hərtərəfli qiymətləndirəcək.

Ümumilikdə, son illərdə inflyasiyanın risk balansında xarici amillərin payı əhəmiyyətli artmışdır. Ortamüddətli dövrdə bu amillərin payının yüksək olaraq qalacağı gözlənilir. Geosiyasi gərginliklər və qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarları ilə bağlı qeyri-müəyyənlikləri hələ də yüksək səviyyədə saxlayır.

Əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Bu risk ticarət tərəfdaşlarında inflyasiya prosesləri və nominal effektiv məzənnənin dinamikasından asılı olacaq. Daxili risk faktorları isə əsasən təklif – xərc amilləri hesabına formalaşmaqdadır.

Ortamüddətli dövr üzrə konservativ makrofiskal çərçivə və kredit qoyuluşları üzrə gözlənilən artım templəri məcmu tələbin izafi artımı riskini azaldır.

Mərkəzi Bank daxili və xarici qeyri-müəyyənlikləri nəzərə alaraq makroiqtisadi proqnozları baza ssenarisi ilə yanaşı, alternativ ssenarilər üzrə hazırlanması təcrübəsini davam etdirəcək. Bu da inflyasiya risklərinin reallaşdığı təqdirdə çevik siyasət reaksiyasını təmin edəcək.

Növbəti ildə pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcək. Məzənnə sabitliyi qiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcək. Proqnozlara görə növbəti ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması valyuta bazarında tarazlığı dəstəkləyəcək. Baza ssenarisi üzrə proqnozlara görə, 2026-cı ildə cari əməliyyatlar hesabının profisiti 3 mlrd. ABŞ dolları səviyyəsində olmaqla ÜDM-in 3.7%-i səviyyəsində gözlənilir.

Mərkəzi Bank növbəti ildə də özünün valyuta ehtiyatlarının kifayətlilik meyarlarına uyğun saxlanılmasını və onun idarə edilməsinin təkmilləşdirilməsini diqqətdə saxlayacaq.

Pul siyasəti alətlərinin tətbiqi zamanı maliyyə bazarlarında baş verən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınacaq. Alətlərin istifadəsi pul siyasətindən kənar amillərin monetar şəraitə təsirlərinin neytrallaşdırılmasına xidmət edəcək.

Pul siyasətinin Mərkəzi Bankın digər fəaliyyət istiqamətləri, xüsusən makroprudensial siyasətlə uzlaşdırılması davam etdiriləcək. Bu uzlaşdırma qurumun daxili kollegial orqanları, o cümlədən Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi vasitəsilə həyata keçiriləcək.

İqlim dəyişikliklərinin makroiqtisadi təsirləri və "yaşıl maliyyə təşəbbüsləri"nin dəstəklənməsi məsələləri diqqətdə saxlanılacaq. İqlim dəyişikliklərinin inflyasiya dinamikasına, iqtisadi artıma və maliyyə sektoruna birbaşa və dolayı təsirləri üzrə qiymətləndirmələr davam etdiriləcək.

Mərkəzi Bankın rəqəmsal valyutasının tətbiqi üzrə siyasət məqsədlərinin müəyyən edilməsi və müvafiq yol xəritəsinin hazırlanması üzərində işlər davam etdiriləcək. Bu işlərə prioritet istifadə istiqamətlərinin müəyyənləşdirilməsi, potensial risk və faydaların qiymətləndirilməsi, eləcə də maliyyə sektoru üzrə daha geniş strategiyaya uyğunlaşdırılmış mərhələli tətbiq planının hazırlanması daxildir.


SON XƏBƏRLƏR

24 Dekabr 2025