• Bakı 15° C

    6.95 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Mayın səssiz düşməni: Polen allergiyası ilə necə mübarizə aparaq?

CƏMİYYƏT

16 May 2025 | 14:19

Mayın səssiz düşməni: Polen allergiyası ilə necə mübarizə aparaq?

Son günlər gözləri yaşaran, tez-tez asqıran insanlara daha çox rast gəlirik. Bu hal əsasən küləkli hava şəraiti ilə bağlıdır.

Bəs allergiyası olan insanlar belə havada nə etməlidirlər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən həkim-terapevt Şahvələd Məmmədovun sözlərinə görə, nəzərə almalıyıq ki, may ayını yaşayırıq və bu ay polenlərin ən çox yayıldığı bir dövrdür:

"Polenlər dediyimiz tozcuqların tərkibində xüsusi zülallar var ki, allergen rolunu oynayırlar. Bu allergenlər nəfəs yoluna, yaxud dəriyə təmas etdikdə allergik reaksiyalar oyanmağa başlayır".

Terapevt qeyd edib ki, son günlər küləkli hava şəraiti müşahidə olunduğundan polenlər daha aktivdir, külək vasitəsilə havaya qalxır:

"Bahar allergiyası dediyimiz allergik rinit, allergik asqırmalar, allergik konyunktivit - yəni gözün bağlı qişasının allergik iltihabı və ən çox astma xəstəliyi özünü daha çox qabarıq göstərir".

Həkim bildirib ki, uşaqlarda bahar fəslində polenlərin təsiri ilə dəridə qızartı, qaşınma və quruluq kimi əlamətlərlə müşayiət olunan ekzema halları artır:

“Adətən dəridə səpkilər, qaşınma və qabıqlanma müşahidə olunur. Əllər, dirsəklər və dizlər kimi nahiyələr daha çox təsirlənir. Bu hallar uşağın yuxu və gündəlik rahatlığına mənfi təsir göstərə bilər”.

Şahvələd Məmmədov: Son günlər küləkli hava şəraiti müşahidə olunduğundan polenlər daha aktivdir

Onun sözlərinə görə, böyüklərdə isə polen allergiyası nəticəsində övrə adlanan dəri səpkiləri müşahidə edilə bilər:

“Bu səpkilər qaşınma, şişkinlik və göyərmə ilə özünü göstərir. Xüsusilə stress, isti hava və allergenlə təmas bu vəziyyəti daha da kəskinləşdirə bilər. Övrə adətən qəfil başlayır və müəyyən müddət davam edir”.

Ş.Məmmədov allergiyadan əziyyət çəkən insanları ilk növbədə polenlə təmasdan qorunmağa çağırır. Küləkli günlərdə açıq havada çox qalmaqdan çəkinmək, evin pəncərələrini bağlı saxlamaq və çöldən gəldikdən sonra geyimləri dəyişib duş qəbul etmək tövsiyə olunur:

“Eyni zamanda, həkim məsləhəti ilə antihistamin preparatlarından istifadə edilməlidir. Allergik reaksiyalar artdıqda isə mütləq mütəxəssisə müraciət edilməlidir”.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR