BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı, media nümayəndələrinin, əlilliyi olan şəxslərlə bağlı QHT-lərin, BMT-nin Kommunikasiya Qrupu və İnklüzivlik üzrə İşçi Qrupunun təmsilçilərinin, ekspertlərin iştirakı ilə “Mediada inklüziv dildən istifadənin təşviqi” mövzusunda seminar keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, seminarın açılışı zamanı Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev ölkəmizdə əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində aparılan işləri qeyd edib. Prezident İlham Əliyevin tapşırıqları ilə son illər reallaşdırılan sosial islahatlar çərçivəsində əlilliyi olan şəxslərin pensiya, müavinət və təqaüdlərində də ciddi artımların edildiyi bildirilib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan şəxslərin də yaradıcı potensialının inkişaf etdirilməsində mühüm rolu vurğulanıb. Nazirlik tərəfindən son illər əlilliyi olan şəxslər üçün icra edilən inklüziv layihələrdən bəhs olunub.
Qeyd edilib ki, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğun olaraq milli qanunvericiliyin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsi işlərinin bir istiqaməti olaraq, qanunvericilik aktlarında əlillik, əlilliyi olan şəxslərlə bağlı bir sıra stereotip və ya köhnəlmiş vulqar, bayağı ifadələr müasir və etik yanaşmaya uyğun yeni ifadələrlə (məsələn, “lal” sözü - “nitq qabiliyyəti tam məhdud olan” sözləri ilə, “kor” sözü - “görmə qabiliyyəti tam məhdud olan” sözləri ilə, “kar” sözü - “eşitmə qabiliyyəti tam məhdud olan” sözləri ilə və s.) əvəzlənib.
Mediada da əlilliyi olan şəxslərlə bağlı mövzularda məlumatlandırma zamanı köhnəlmiş terminlərdən, vulqar ifadələrdən istifadə edilməməsi, qanunvericilikdə əks olunan, həmin şəxslərin xüsusiyyətlərinə hörmətlə yanaşılmasını özündə ehtiva edən düzgün və inklüziv yanaşma əsaslı ifadələrin işlənməsi, inklüziv dilin təşviqi diqqətdə saxlanmalıdır.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva BMT-nin Əlillik üzrə İnklüziv Kommunikasiya Təlimatını qeyd edib, mediada inklüziv dildən istifadənin əhəmiyyətini, bu təlimin iştirakçılar arasında dialoqu təşviq etməyi, yaxşı təcrübələri paylaşmağı və mediada inklüziv dildən istifadə üzrə potensialı artırmağı hədəflədiyini bildirib.
Seminarda “Seçdiyimiz Sözlər” adlı interaktiv səhnə təqdim olub, həmçinin “Əlillik və inklüzivliyin dərki – əsas anlayışlar və terminologiya” mövzusunda təqdimat edilib. Əlilliyin təsvirində inkluziv dildən istifadəyə dair interaktiv təlim keçirilib. İnklüziv dildən istifadə olunaraq qısa xəbər və ya hekayə yazılması ilə bağlı qrup işi də təşkil olunub, iştirakçıların yekun nəticələri dəyərləndirilib.
Bakı 













