• Bakı 11° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Məhəllə “moyka”larının yaratdığı problemlər

CƏMİYYƏT

29 Mart 2022 | 17:26 | Müəllif: Qalib İbrahimoğlu

Məhəllə “moyka”larının yaratdığı problemlər

Bu gün Bakıda, demək olar, hər 5 binadan 2-nin həyətində, yaxud, həmin binaların yaxınlığında avtoyuma xidmətləri fəaliyyət göstərir. Həmin məntəqələrin ətrafı çirkləndirməsi göz qabağındadır. Bundan başqa. Orada yaranan səs- küy ətrafda yaşayan sakinləri ciddi narahat edir.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Turan Abdullazadə Bakıvaxtı.az-a bildirib ki, həm piyadanın yolunu zəbt edən, həm də suyu yola axıdan avtoyuma məntəqələrinin fəaliyyəti qanunvericiliyə ziddir: “İnsanların hərəkətinə mane olan bu cür avtoyuma məntəqələri həm də yolların, səkilərin dağılmasına səbəb olur. Çünki kanalizasiya xətti olmadığından su birbaşa yola axır. Avtoyuma məntəqələrinin küçələrdə yaratdığı mənzərə heç də ürəkaçan deyil. Avtomobillərin yuyulduğu suyun kanalizasiyaya deyil, yola, küçəyə axıdılması, avtomobillərin hərəkətinə maneə törətməklə yanaşı, antisanitariya vəziyyəti yaradır”.

Vəkil deyir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələrindən biri də əhalinin sanitariya-epidemioloji salamatlığını, ətraf mühiti qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

Onun sözlərinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 233.1-cü maddəsinə əsasən Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir: “Həmçinin, həmin Məcəllənin 354-cü maddəsinə əsasən müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Qanunvericiliyin məzmunundan görünür ki, həm, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə, həm də piyadaların hərəkətinə maneələr yaradılmasına görə cərimələr nəzərdə tutulmuşdur”.

T.Abdullazadə vurğulayıb ki, məsələ ilə bağlı aşağıdakıları müəyyən etmək lazımdır: “Həmin avtoyuma məntəqələrinin sanitariya-gigiyena rejiminə riayət edib-etməməsini, yerləşdiyi yerdə müvafiq icarə müqaviləsi əsasında fəaliyyət göstərib-göstərməsini, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün dövlətə vergi ödəyib-ödəməməsini, ümumiyyətlə, maşın yuma işi ilə məşğul olduğu üçün dövlət qeydiyyatından keçərək VÖEN alıb-almasını.  Əgər yuxarıda qeyd olunan mənfi hallardan hər hansı biri mövcuddursa, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət və ictimai qurumlara fərdi və ya kollektiv qaydada şikayət ünvanlamaq vətəndaşların konstitusion hüququdur”.

Memar Təhmasib Kərimov Bakıvaxtı.az-a bildirib ki, əgər su kanalizasiya sistemi işləyir, maşın yuyulduqdan sonra çirkli suların axıb getməsi üçün sistem nəzərdə tutulubsa, səs-küydən başqa heç bir problem yoxdur: “Ancaq elə bir sistem nəzərdə tutulmayıb, qarşısını almaq üçün tədbir görülməyibsə, binanın fundamentinin müəyyən təsirlərə məruz qalmasına səbəb ola bilər. Bu zaman nəm çəkir, həmin ərazidə nəmişliyin daha da çoxalmasına səbəb ola bilər. Nəmişliyin də hamıya bəlli olan fəsadları var”.

Aytac Aslan

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026