Florida ştatı üzrə dairə məhkəməsi ABŞ prezidenti Donald Trampın “The Wall Street Journal” qəzetinin naşirlərinə qarşı qaldırdığı 10 milyard dollarlıq şərəf və ləyaqətin müdafiəsi iddiasını rədd edib.
Bakıvaxtı.az xəbər verir ki, qərarla bağlı məlumat WSJ nəşrinin rəsmi saytında dərc olunub.
Bildirilir ki, iddia 2025-ci ilin iyulunda yayımlanan məqalə ilə əlaqədardır. Həmin yazıda Trampın vaxtilə cinsi cinayətlərə görə məhkum olunmuş və sonradan vəfat etmiş amerikalı maliyyəçi Ceffri Epşteynə göndərdiyi açıqcadan bəhs olunurdu.
Məlumata görə, 2025-ci ilin sentyabrında ABŞ Konqresdə Demokrat Partiyasından olan deputatlar bu açıqcanın fotosunu yayıblar. Açıqcada çılpaq qadın silueti fonunda “Ceffri” və “Donald” arasında dialoq əks olunub.
WSJ məqaləsində qeyd edilib ki, Donald Tramp həmin açıqcanı göndərdiyini təkzib edib və nəşri məhkəməyə verəcəyi ilə hədələyib.
Məhkəmə qərarında vurğulanıb ki, böhtan faktını sübut etmək üçün Tramp nəşrin və jurnalistlərin “pis niyyətlə” hərəkət etdiyini, yəni bilərəkdən yalan məlumat yaydığını və ya həqiqəti kobud şəkildə gözardı etdiyini göstərməli idi. Hakim bildirib ki, Tramp jurnalistlərin bu cür niyyətlə hərəkət etdiyini sübut edə bilməyib.
Qərarda həmçinin qeyd olunub ki, material hazırlanarkən jurnalistlər Trampın özü, ABŞ Ədliyyə Nazirliyi və Federal Təhqiqat Bürosu ilə əlaqə saxlayaraq mövqelərini öyrənməyə çalışıblar. Hakim Darrin Gayles bunu araşdırma aparıldığının göstəricisi kimi qiymətləndirib.
Bununla belə, məhkəmə Trampa iddiasına düzəliş edib yenidən təqdim etmək imkanı verib. O, bunu 27 aprel tarixinədək edə bilər. Trampın hüquq komandası isə artıq “güclü iddia” ilə yenidən məhkəməyə müraciət edəcəklərini açıqlayıb./Konkret.az
Bakı 




