“Fransa nəşrlərindən biri Rusiyanın Ukryanaya hərbi müdaxiləsindən 4 gün əvvəl, yəni 20 fevralda iki ölkənin prezidentinin telefon danışığının stenoqramını yayıb. Telefon zənginin təşəbbüskarı Fransa prezidenti Emmanuel Makron olub".
Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, Makron telefon söhbətində rusiyalı həmkarı Vladimir Putini bölgədə gərginliyi azaltmaq məqsədi ilə Kiyevlə danışıqları bərpa etməklə bağlı ona az qala yalvarıb: "Makron hətta Putinə söz verib ki, yaxın günlərdə onunla ABŞ prezidenti Co Baydenin görüşünü təşkil etməyə hazırdır. Vladimir Putin telefon danışığı boyu Makrona yalançı vədlər verir, məsələn deyir ki, təlimlər bitdikdən sonra Ukrayna ilə sərhəddən Rusiya qoşunlarını geri çəkəcək, guya o dialoqda maraqlıdır və s".
Ancaq indi artıq bəllidir ki, Putin Makronla telefonla danışdığı gündən əvvəl Ukraynaya qarşı işğala başlayacağına qərar vermişdi.
Politoloq qeyd edib ki, Makron Putinin belə bir qərarı verdiyini əvvəlcədən bilsəydi, Kreml sahibini uzun-uzadı dilə tutmağa çalışmazdı: “Deməli, Makrona ötürülən kəşfiyyat məlumatları yanlış olub. Elə buna görə, Fransa kəşfiyyatının rəhbəri müharibədən sonra vəzifəsindən istefa verib. Fransa prezidenti Putinin müharibə qərarını aylar və ya həftələr öncə verdiyini bilsəydi, fevralın 20-dəki telefon danışığında ona yalvarmaz, əksinə mümkün müharibənin Rusiya və şəxsən Putin üçün ağır nəticələri olacağını diplomatik dildə izah edərdi”.
Nuranə Daxilqızı
















