Xəbər verdiyimiz kimi, Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) beynəlxalq standart əsasında AZS ISO 29994:2025 “Təhsil və təlim xidmətləri. Distant təhsilə dair tələblər” yeni dövlət standartını qəbul edib.
Bəs yeni bu standart nəyı dəyişəcək?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, AZS ISO 29994:2025 standartının qəbul edilməsi Azərbaycanın təhsil sistemində distant (uzaqdan) təhsilin keyfiyyətinin və etibarlılığının təmin edilməsi baxımından mühüm və strateji bir addımdır. Onun sözlərinə görə, bu standartın vacibliyi bir neçə mühüm aspekt üzrə izah oluna bilər:
"Birincisi, pandemiya dövrü göstərdi ki, distant təhsil artıq alternativ deyil, zəruri və davamlı bir təhsil formasıdır. Lakin Azərbaycanda bu formanın tətbiqi prosesində ciddi keyfiyyət, bərabərlik və etibarlılıq problemləri ortaya çıxdı. Həm texniki infrastrukturda, həm müəllim hazırlığında, həm də tədris məzmununda parçalanmalar oldu. AZS ISO 29994:2025 standartı məhz bu kimi uyğunsuzluqları aradan qaldırmaq üçün distant təhsilin təşkilinə dair sistemli, şəffaf və beynəlxalq təcrübəyə əsaslanan meyarlar müəyyən edir".
Müsahibimiz qeyd edib ki, ikincisi, bu standart beynəlxalq səviyyədə qəbul olunmuş ISO 29994:2021 sənədinə uyğunlaşdırılıb. Bu isə o deməkdir ki, Azərbaycan təhsil müəssisələri artıq distant təhsil xidməti təqdim edərkən beynəlxalq rəqabətə uyğun fəaliyyət göstərə biləcəklər. Bu həm də xarici tərəfdaşlarla əməkdaşlıq üçün hüquqi və texniki bazanı möhkəmləndirəcək, ölkənin ali təhsil müəssisələrinin beynəlxalq akkreditasiyaya hazır olmasını təmin edəcək. Məsələn, distant təhsilin strukturlaşdırılması, qiymətləndirmə metodlarının etibarlılığı, müəllimlərin məsuliyyət və səriştə tələbləri bu standartda sistemli şəkildə təqdim olunur.
Ekspert üçüncü aspekt olaraq vurğulayıb ki, AZS ISO 29994:2025 standartı təhsil və təlim xidmətlərini bazar münasibətləri ilə də uyğunlaşdırır. Bu sənəd həm dövlət, həm də özəl sektorun təqdim etdiyi distant təlimlərin minimum keyfiyyət tələblərini müəyyən edir. Beləliklə, “təhsil xidməti” anlayışı formallaşır, qeyri-rəsmi, aşağı keyfiyyətli kursların, online tədris xidmətlərinin qarşısı alınır və istehlakçı hüquqları müdafiə olunur. Standart bu sahədə fəaliyyət göstərən qurumlara akkreditasiya və lisenziyalaşdırma üçün normativ baza yaradır:
"Dördüncüsü, standart distant təhsilin planlaşdırılması, idarə olunması, texnoloji dəstək, tədris resurslarının keyfiyyəti, müəllim heyətinin bacarıqları, tələbə dəstəyi və monitorinq proseslərini əhatə edir. Bu isə tədrisin yalnız texniki tərəfini deyil, pedaqoji və metodoloji keyfiyyətini də hədəfə alır. Məsələn, distant formada keçirilən təlimlərdə interaktivlik, davamiyyətin izlənməsi, qiymətləndirmənin şəffaflığı kimi məsələlər xüsusi önəm daşıyır və standartla tənzimlənir".
Kamran Əsədov: Azərbaycan distant təhsil sahəsində sistemli, idarəolunan və ölçüləbilən bir çərçivəyə keçid edilir
K.Əsədov son aspekt kimi bildirib ki, distant təhsilin hüquqi əsaslarını möhkəmləndirmək üçün bu standart əhəmiyyətli addımdır. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununda distant təhsil nəzərdə tutulsa da, onun keyfiyyət tələbləri uzun müddət normativ əsaslarda qeyri-müəyyən qalmışdı. Bu standart həmin boşluğu doldurur və qanuni nəzarətin tətbiqinə zəmin yaradır.
"AZS ISO 29994:2025 standartının qəbul edilməsi ilə Azərbaycan distant təhsil sahəsində sistemli, idarəolunan və ölçüləbilən bir çərçivəyə keçid edir. Bu həm yerli təhsil xidmətlərinin keyfiyyətini yüksəldəcək, həm də ölkənin rəqəmsal təhsil sahəsində beynəlxalq arenada mövqeyini gücləndirəcək. Lakin bu standartın effektiv tətbiqi üçün yalnız qəbul edilməsi kifayət deyil - onun icrası, monitorinqi və bütün təhsil qurumları tərəfindən mənimsənməsi zəruridir. Əks halda, sənəd sadəcə kağız üzərində qalacaq",- deyə Kamran Əsədov qeyd edib.
Nuriyyə Musayeva