"Bayraktar TB3" qısa uçuş zolaqlı gəmilərdən ilk dəfə avtonom qalxıb-enən platforma olub və bunu müəyyən mənada dəniz müharibəsi istiqamətində inqilabi yenilik adlandırmaq olar.
Bakıvaxtı.az xəbər verir ki, bunu Report-a açıqlamasında “Technofest”in İdarə Heyətinin sədri, "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.
Onun sözlərinə görə, "Bayraktar TB3" sınaq mərhələsini uğurla başa vurub və hazırda həm sınaqlar, həm də inkişaf işləri sürətlə davam edir.
O qeyd edib ki, bu platforma qısa uçuş zolağına malik gəmilərdən dünyada ilk dəfə avtomatik eniş-qalxış edən sistem olaraq tarixə düşüb:
“ABŞ və İsraildəki şirkətlər bu sahədə çalşırdılar. Amma biz onlardan əvvəl bu uğura imza atdıq və hazırda həm sınaqlar, həm də istehsal prosesi davam edir. Bu, dəniz döyüşləri sahəsində əslində inqilabi bir hadisədir”.
S.Bayraktar vurğulayaıb ki, bu uğur yalnız TB3 ilə məhdudlaşmır, eyni zamanda "Kızılelma" platformasının da istehsalı və inkişafı paralel olaraq davam etdirilir:
“Bu, bizim üçün milli dəniz aviasiyasına rəsmi olaraq başlanğıc deməkdir. Əvvəllər dəniz platformalarımıza hava nəqliyyat vasitələri endirirdik, lakin bunlar bizim öz dizaynımız deyildi. İndi isə bu sahəyə tamamilə milli və strateji bir yanaşma ilə daxil olmuş olduq. Dünyada bu sahəyə böyük maraq var”.
S. Bayraktar həmçinin bildirib ki, qısa uçuş zolaqlı gəmilərə enib-qalxa bilən hava vasitələri üzərində də çalışmalar davam edir və həmin platformalar hazırda sərgidə nümayiş olunur:
“Üç hava vasitəsi ilə sərgidə iştirak nəzərdə tutulur. Əvvəlki mərhələlərdə iki vasitə ilə iştirak etmişdik, indi isə üç vasitə ilə təqdim olunacaq. Orada da müəyyən sürprizlər ola bilər”.
S. Bayraktar, Romada imzalanan əməkdaşlıq müqaviləsinə də toxunaraq, bunun dünyanın ən böyük müdafiə sənayesi şirkətlərindən biri ilə birgə həyata keçirilən strateji bir addım olduğunu deyib:
“Bu əməkdaşlıq yalnız pilotsuz uçuş aparatları sahəsində deyil, digər yüksək texnoloji sahələri də əhatə edir. Avropa bazarına çıxış, xüsusilə NATO ölkələri ilə əməkdaşlıq baxımından çox önəmlidir. Hazırda altı NATO ölkəsi sistemlərimizdən istifadə edir. Bu müqavilə həm Avropa bazarı, həm də iki ölkənin ortaq maraqları baxımından böyük əhəmiyyət daşıyır. Hər iki tərəf bu əməkdaşlığı məmnuniyyətlə qarşılayıb”.