Oktyabrın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyinə həsr olunmuş “Səhnədə ömür, sənətdə əbədilik” adlı gecə keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Prezidentin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, millət vəkilləri, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Mədəniyyət Nazirliyinin yubilyara ünvanladığı təbrik məktubu oxunub. Daha sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Əməkdar incəsənət xadimləri İlham Rəhimli və Abdulla Qurbani çıxış edərək Nurəddin Mehdixanlının Azərbaycan teatr və kino sənətindəki xidmətlərindən, yaratdığı yaddaqalan obrazlardan, sənətə sədaqətindən və Vətənə sevgisindən danışıblar.
Yubiley gecəsində Xalq artistləri Mələkxanım Əyyubova, Samir Cəfərov və Nazpəri Dostəliyeva musiqi nömrələri ilə sənətkarı təbrik ediblər.
Tədbir çərçivəsində Gürcüstanın tanınmış teatr rejissoru Robert Sturua, Şota Rustaveli adına Gürcüstan Milli Teatrının baş rejissoru David Sakvaralidze, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrlarının baş direktoru Tamer Qaradağlı, Moldova Milli Teatrının bədii rəhbəri Petru Vutkereu və digər tanınmış sənət adamlarının yubilyara ünvanladıqları videotəbriklər nümayiş olunub. Özbəkistan Milli Akademik Dram Teatrının direktoru, Xalq artisti Yodqar Saqdiyevin təbrik məktubu da oxunub.
Gecənin bədii hissəsində Nurəddin Mehdixanlının rol aldığı “Aydın”, “Solğun çiçəklər”, “Özümüzü kəsən qılınc”, “Hələ sevirəm deməmişdilər”, “Pəncərədə işıq”, “Xurşidbanu Natəvan” və “Kral Lirin faciəsi” tamaşalarından məşhur dialoqlar, həmçinin “Cavad xan” filmindən fraqment təqdim edilib.
Sonda çıxış edən Nurəddin Mehdixanlı yubiley gecəsinin təşkilatçılarına, iştirakçılara və onu təbrik edən hər kəsə minnətdarlığını bildirib.
Qeyd edək ki, Xalq artisti Nurəddin Mehdixanlı Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndələrindən biridir. O, sənətə verdiyi töhfələrə görə “Şöhrət” ordeni ilə təltif olunub və Prezidentin fərdi təqaüdünə layiq görülüb.






















