Kaliforniya Universitetinin Devis kampusundan olan alimlər Entamoeba histolytica (dizenteriya amebası) parazitinin insan orqanizmində immun sistemindən necə gizləndiyini müəyyən ediblər.
Bakıvaxtı.az xəbər verir ki, “Trends in Parasitology” jurnalında dərc olunan tədqiqat nəticələrinə görə, bu təhlükəli parazit insan hüceyrələrinin zülallarını öz səthində yerləşdirərək “bioloji kamuflyaj” tətbiq edir.
Məlum olub ki, parazit hüceyrələri zəhərlə yox, birbaşa “yeyərək” məhv edir. O, hüceyrələrdən CD46 və CD55 kimi zülalları mənimsəyərək öz səthinə keçir. Bu zülallar isə immun sisteminin paraziti tanıyaraq ona hücum etməsinin qarşısını alır.
Kaliforniya Universitetinin mikrobiologiya fakültəsinin dosenti Ketrin Ralston qeyd edib ki, bu üsul parazitin orqanizmdə uzun müddət sağ qalmasına şərait yaradır. Onun sözlərinə görə, bu “bioloji maskalanma” üsulu parazitin komplement sistemi adlanan doğuşdan gələn immun müdafiə mexanizmindən yayınmasına imkan verir.
Entamoeba histolytica hər il təxminən 70 min insanın ölümünə səbəb olur. Adətən ishal kimi yüngül bağırsaq pozuntuları yaratsa da, bəzi hallarda bağırsaq divarlarının dağılması, qaraciyər, beyin və ağciyər zədələnmələri ilə nəticələnə bilər.
Tədqiqatçılar bildirirlər ki, parazitin genomu salmonealladan 5 dəfə, HİV-dən isə 2500 dəfə böyükdür, bu da onun üzərində işləməyi çətinləşdirir. Lakin müasir RNA interferensiyası və CRISPR texnologiyaları bu parazitin genlərini və zülallarının funksiyalarını daha dəqiq öyrənməyə imkan verir.
Alimlər ümid edirlər ki, bu kəşf amebiaz xəstəliyinin diaqnostikası və müalicəsi üçün yeni yanaşmaların hazırlanmasına yol açacaq. Xüsusilə də təmiz su və sanitariya şəraiti zəif olan ölkələrdə, bu tədqiqatın nəticələri həyati əhəmiyyət daşıyır.
Nuriyyə Musayeva