Azərbaycanda virusa yoluxanların və ölüm sayında azalmalar olsa da, Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) və digər ölkələrdən gələn xəbərlər heç də ürəkaçan deyil. Belə ki, ÜST pandemiyanın hələ tam bitmədiyini bildirir, rus alimləri yaya doğru virusun daha da artacağını qeyd edir, bəzi ölkələrdə yeni virus növü aşkarlanır.
İnfeksionist Nicat Əzimlinin Bakıvaxtı.az-a dediyinə görə, ÜST artıq son bir neçə çıxışında qeyd edir ki, hər yerdə bitmədiyi müddətcə pandemiya bitmiş hesab oluna bilməz: “Bu fikir bununla əsaslandırıla bilər ki, koronavirus yoluxmalarının intensivliyinin lokal olaraq yüksək olduğu yerlərin dünya üzərində hələ də qalması yeni mutasiyaların baş vermə ehtimalını qoruyub saxlayır. Bunun üçün indiki mərhələdə virusla mübarizə tədbirləri xüsusilə zəif təminatlı, inkişaf etməmiş ölkələrə istiqamətlənmiş olmalıdır. Yalnız bu halda bütün dünya üçün istənilən nəticəyə çatmaq mümkündür. Azərbaycanda koronavirusla baglı proqnoz isə qarşıdakı həftələr üçün yaxşıdır”.
İnfeksionistin sözlərinə görə, "Omicron-XE" haqqında ilkin araşdırmalarla müəyyən olunub ki, BA1 və BA2 subvariantlarının rekombinasiyasından yaranmış bir subvariantdır: “Yoluxuculuğu BA.2 variantından 10% daha çoxdur. Hələ ki, geniş məlumat olmasa da, ilkin proqnoz budur ki, çox böyük təhlükə kəsb etmir".
Nicat Əzimli deyib ki, lakin bu cür yeni variant və subvariantların ortaya çıxması pandemiyanın hələ də davam etdiyinin və buna qarşı mübarizənin aparılmasının vacibliyini diqqətə çatdırır.
Aytac Aslan




jpeg-1652679247.webp)











