Son günlər gündəmdə olan xəbərlərdən biri də Türkiyənin sərhəddən keçmək istəyən əfqan qaçqınları qəbul etməməsidir. Məlumdur ki, Türkiyədə xeyli sayda əfqan qaçqın yaşayır. Bəs indi qəbul etməməsinin səbəbi nədir? Türkiyənin bu addımını qınamaq olar?
Mövzu ilə bağlı Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov Bakıvaxt.az-a danışıb:
"Əvvəla, Əfqanıstanda baş verən hadisələrin əvvəlinə nəzər salaq: Bildiyimiz kimi, elə Talibanın yaradıcısı Qərb ölkələridir. Bu gün elə görüntü yaradılır ki, guya Taliban ABŞ-ın və ona mütəffiq olan dövlətlərin qüvvələrinin ölkədən çıxarılmasına nail oldu. Bu, bugünkü görüntüdür. Düşünürəm ki, bu görüntünün arxasında böyük bir siyasət durur və heç də göründüyü kimi deyil. Bu, məsələnin başqa bir tərəfidir.
Türkiyənin və digər ölkələrin Əfqanıstandan qaçmış mühacirləri qəbul etməməsi məsələsinə gəldikdə isə hazırda bu mövzu gündəmdədir və daha çox xarici mediya işıqlandırır. Əslində, məsələ heç də belə deyil. Elə buna qədər də, Talibanın ordakı fəaliyyəti zamanı ölkə ilə Taliban arasında gedən döyüşlərdə bir çox əfqan ölkəni tərk edib. Ölkəni tərk edən əfqanların böyük bir hissəsi Pakistan və İranda yerləşsə də, Türkiyə ərazisində də xeyli əfqan var. Konkret deyim ki, Birləşmiş Millətlər Təşkilatının qaçqınlar üzrə ali komisarlığı fəaliyyət göstərir. O, bütün dünyada bu kimi hallara nəzarət edir. Həmin komisarlığın verdiyi rəsmi məlumata görə hazırda, təxminən, 4 milyona yaxın əfqan Türkiyə ərazisində yerləşir. Türkiyənin özü də bir sıra məsələlər üçün sərhədlərdə yerləşən Suriya qaçqınlarını və digər inqilabların baş verdiyi tanınan ölkələrdən qaçqın qəbul edib. Əslində, hər bir dövlət üçün dövlətin daxilində sosial problemlərin yaranmasına gətirib çıxarır. Bu, gələcəkdə dövlətin təhlükəsizliyi üçün ciddi problemlər yaradan prosesdir. Ona görə də, düşünürəm ki, hər bir dövlət özünün dövlətçiliyinin təhlükəsizliyinə və milli maraqlarına görə belə şeylərdən narahardır. Düzdür, əvvəl Türkiyə dövləti həmin o qaçqınlarınqəbul edilməsi ilə bağlı münasibət bildirsə də, bu gün verilən məlumata görə, Türkiyə sərhədində qaçqınlar saxlanılıb. Düşünürəm ki, bu dünyada sülhün, təhlükəsizliyin, demokratiyanın, insan hüquqlarının casusu kimi çıxış edən Avropa dövlətlərinin həmin o qaçqınlara öz qapılarını bağlaması ilə bağlıdır. Məsələn, Fransa, Almaniya və Avropanın digər dövlətləri həmin qaçqınları ölkələrinə qəbul etməkdən birmənalı şəkildə imtina edirlər. Türkiyə dövləti də düşünür ki, bu problemlərin yaranmasında bilavasitə rol oynayan həmin dövlətlər bu gün əfqan qaçqınlarının qəbul olunmasından birmənalı şəkildə imtina edirlərsə, niyə də Türkiyə dövləti yükü öz üzərinə götürsün.
Qeyd edim ki, dövlətlərin imtina etməyinin bir sıra səbəbləri ola bilər. Məsələn, həmin o qaçqınlarla birliklə bir sıra terroristlərlər də ölkəyə daxil ola bilər. Ölkəyə qaçqın dalğası daxil olanda bunu müəyyənləşdirmək, qarşısını almaq, hər kəsi seçib içəri buraxmaq ciddi bir problemdir, çünki ölkədən çıxdıqları şəkildə digər dövlətə daxil olurlar. İstənilən dövlət qaçqın qəbulunun gələcəkdə ciddi problem yaradacağından narahatdır. Əslində, dünyada humanizm prinsipindən çıxış etsək, heç bir dövlət bundan imtina etməməlidir. Bundan öncə görülməli olan iş isə Əfqanıstan dövlətinin daxilində baş qaldıran proseslərin yatırılmasına çalışmaqdır. Yəni nə qədər qaçqını qəbul etmək olar?! Onda belə çıxır ki, bütün əfqanlar ölkəni tərk etməlidir?! Bütün əfqanlar ölkəni tərk edəcəksə, o zaman Əfqanıstan dövlətinin özü nəyə lazımdır?! Vətəndaş olmadan dövlətin olması mümkün deyil. Dövlətin rəmzlərindən biri də həmin dövləti təstiq edən, cəmiyyəti formalaşdıran insanlardır.
Əgər həmin əfqanların müəyyən bir hissəsi hansısa dövlətə köç edəcəksə, orda problem yaranmaya bilər. Amma kütləvi şəkildə milyonlarla insanın köçməsi, təbii ki, istənilən ölkənin daxilində onun mədəniyyətinə, idarəetmə mexanizminə, vətəndaşların təhlükəsizliyinə, dövlətin milli maraqlarına təhdid yaradan prosesdir. Ona görə də, bu dövlətlər ciddi şəkildə narahatdırlar. Təbii ki, BMT və digər beynəlxalq təşkilatlar qaçqınları qəbul edə bilərlər. O cümlədən, Türkiyə hansısa yardımların edilməsi ilə bağlı sözlər verir. Amma mən heç də düşünmürəm ki, həmin qaçqınların qəbul edilməsinin qarşısında yalnız maddi problemlər durur. Heç də belə deyil. Maddi problemlərə o prosesin qarşısını almaq mümkün deyil. İlk növbədə, o vətəndaşlar qaçqındırlarsa, müvəqqəti yerləşdirirlər. Amma hələ həmin qaçqınlar hansı müddətə köçüb geri qayıdacaqları bəlli deyil. Düşünürəm ki, o şəxslərin köç etməkdə əsas məqsədi Avropaya üz tutmaqdır. Avropa da bunu bildiyinə görə Türkiyənin və digər dövlətlərin sərhəddində bunun qarşısını almaqda maraqlıdır.
Onu da nəzərə alaq ki, Əfqanıstanla Türkiyə arasında çox böyük bir məsafə var, arada İran dövləti var. Yəni Türkiyəyə köç etmələri nə dərəcədə doğrudur, Türkiyənin borcu var? Məsələn, sərhəd dövləti olsaydı, başa düşülən idi ki, sərhəd dövlətidir və həmin qaçqınları qəbul etməməsi antihumanist addım olardı. Amma minlərlə kilometr məsafədə yerləşən bir dövlətin onu qəbul etməməsi hansı şəkildə qınanıla bilər? Qınanılırsa, o zaman Avropa dövlətləri də qınanılmalıdır. İlk elə onnlar qınanılmalıdır ki, qaçqın probleminin yaranmasının kökündə onların yürütdüyü siyasət durur. Bu gün o problemlərin nəticələrini qəbul etməkdən imtina edirlər. Düşünürəm ki, bu məsələdə Türkiyəni qınamaq ədalətli deyil, amma hər bir halda insan həyatı var deyə dövlətlər humanist yanaşmaladır. Hər bir halda, məsələ tək Türkiyənin üstündə deyil, digər bütün dövlətlər də təhlükəsizliyini qorumaq şərti ilə öz sərhədlərini qaçqınlara açmalıdır".
Aytac Aslan


















