Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yerləşən "Sərşəhər Məscidi" tarix-memarlıq abidəsinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb.
Naxçıvan MR Mədəniyyət nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, bununla bağlı yerli şirkətlərdən biri ilə müqavilə imzalanıb.
Müqaviləyə əsasən Sərşəhər Məscidi, Sərşəhər meydanına giriş baş tağlarının bərpası və meydanın abadlaşdırılması işləri həyata keçiriləcək.
Qeyd edək ki, Sərşəhər məscidi XVIII əsrə aiddir. İkimərtəbəli məscidin mehrabı, ağac sütunları, şəbəkəli pəncərələri və meydanı var. 1986-cı ildə bərpa və təmir edilib, meydan kompleksi şəklinə salınıb.
Məscid Nazirlər Kabinetinin 2 avqust 2001-ci tarixli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısındadır.