Mart ayında Avrozonada inflyasiya səviyyəsi 2,2 faiz təşkil edib. Beləliklə də, inflyasiya göstəricisi Avropa Mərkəzi Bankının 2 faizlik hədəfinə yaxınlaşıb.
Bakıvaxtı.az xəbər verir ki, Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, martda Avrozonada istehlak qiymətləri indeksi əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,2 faiz artıb.
Baza inflyasiyanın artımı da 2,6 faizdən 2,4 faizə geriləyib. Ən yüksək qiymət artımı 3,4 faizlə xidmətlər sektorunda qeydə alınıb. Qida, alkoqollu içkilər və tütün məmulatlarının qiymətində 2,9 faiz, qeyri-enerji sənayesi məhsullarının qiymətinə isə 0,6 faiz artım olub.
Xatırladaq ki, fevralda Avrozonada 2,3 faizlik inflyasiya qeydə alınmışdı.