2025-ci ildə Türk dövlətləri 2,11 trilyon ABŞ dolları ÜDM ilə qlobal iqtisadiyyatda 2%-lik paya sahib olub, əhalisi isə 178,8 milyon nəfər ilə qlobal əhalinin 2,8%-ni təşkil edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2025-ci ilin yekunlarına dair buraxılışında bildirilib.
Hesabat dövründə, ilkin göstəricilərə əsasən, 3,2%-lik qlobal artım tempi ilə müqayisədə Türk dövlətləri 5,2% ÜDM artımı ilə daha sürətli inkişaf nümayiş etdirib. Qırğızıstan, Özbəkistan və Qazaxıstan müvafiq olaraq 11,1%, 7,7%, 6,5% artım tempini nümayiş etdirərək sənaye və kənd təsərrüfatı sektorunda davamlı inkişafı təmin edib. Türkmənistanda iqtisadi artım 6,3%, Şimali Kipr Türk Respublikasında 4,5% təşkil edib. Türkiyə isə təşkilatın ən böyük iqtisadiyyatına sahib olmaqla 3,6% iqtisadi böyüməyə nail olub. Azərbaycanda ÜDM-in artım tempi 1,4%, Macarıstanda 0,4% təşkil edib.
Ticarət dövriyyəsi həm qlobal inteqrasiya, həm də TDT ölkələri arasında iqtisadi inteqrasiya üçün əhəmiyyət daşıyır. 2025-ci ildə Türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 1,12 trilyon ABŞ dolları təşkil edib ki, bu da 34 trilyon ABŞ dolları həcmində olan qlobal ticarət dövriyyəsinin təxminən 3,6%-nə bərabərdir.
Türkiyə 638,731 milyard ABŞ dolları ilə ən yüksək ticarət dövriyyəsinə malik olub. Qazaxıstan və Özbəkistan isə müvafiq olaraq 143,888 milyard ABŞ dolları və 81,160 milyard ABŞ dolları həcmində ticarət həyata keçirib.
İlkin rəqəmlərə əsasən, Qazaxıstanda və Özbəkistanda kənd təsərrüfatı və sənaye sektorlarında davamlı ixrac artımı müşahidə edilib. Bu göstəricilər bölgədəki ticarət dinamikalarının fərqliliyini və Türk dövlətlərinin güclü ixrac performansından faydalandığını göstərir.
Sənaye sektorunda Qırğızıstan və Qazaxıstan müvafiq olaraq 10,6% və 7,4% artımla liderlik edib. Bununla yanaşı, Özbəkistan və Türkmənistanda sənaye sektoru 6,8% inkişaf edib. Bu artıma genişmiqyaslı istehsal və infrastruktur layihələri təsir göstərib. Türkiyədə sənaye sektoru 4,5% artıb.
Digər tərəfdən, kənd təsərrüfatı sektorunda Türkmənistan 7% ilə ən güclü artım nümayiş etdirib. Qazaxıstan kənd təsərrüfatında 5,9%, Özbəkistan, Macarıstan, ŞKTR da müvafiq olaraq 4,4% artım əldə edib.
İnvestisiyalar, xüsusilə sabit kapital sahəsindəki investisiyalar uzunmüddətli artım üçün çox vacibdir. 2025-ci ildə Qırğızıstan və Türkiyə sabit kapital investisiyalarında müvafiq olaraq 18,4% və 15,1% artım nümayiş etdiriblər, bu da infrastruktur, enerji və istehsal sahələrinə edilən böyük investisiyalarla dəstəklənib. Qazaxıstan və Özbəkistan da müvafiq olaraq 13% və 10,5% sabit kapital investisiyalarında sağlam artım göstərərək xarici birbaşa investisiyalarını artırıb və işgüzar mühitlərində müsbət inkişaf əldə ediblər.
Türk dövlətlərində bank sektoru da əhəmiyyətli artım nümayiş etdirib. Hesabat dövründə Qırğızıstanın bank sektorunun cəmi aktivlərində 44,9%, Türkiyədə 41%, Özbəkistanda 25,5%, ŞKTR-da 11,06% və Qazaxıstanda 11%, Macarıstanda 11% artım olub. Bu göstəricilər iqtisadi inkişafı və investisiyaları dəstəkləyən maliyyə xidmətlərinin güclənməsinə əsaslanır. Azərbaycanın bank sektoru isə daha mülayim (7,7%) artım göstərib.
Dövlət büdcəsinin performansı iqtisadi sağlamlığın digər vacib göstəricisidir. Şimali Türk Kipr Respublikasının dövlət büdcəsi gəlirlərində 51,8%, dövlət büdcəsi xərclərində isə 52,4% olmaqla ən yüksək artım qeydə alınıb. Qırğızıstanda dövlət büdcəsi gəlirlərində 44%, dövlət büdcəsi xərclərində isə 41% olmaqla yüksək artım qeydə alınıb. Azərbaycan, Türkiyə və Özbəkistan həm gəlirlər, həm də xərclər sahəsində sabit artım göstərərək effektiv maliyyə idarəetməsi nümayiş etdirib.
Türk dövlətləri ÜDM artımı və ticarət dövriyyəsi baxımından qlobal artımı üstələyib və əhəmiyyətli investisiyalara nail olub.
Bakı 




