Ermənistan baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının sessiyasında və MDB liderlərinin qeyri-rəsmi görüşündə iştirak edib-etməyəcəyi barədə hələ qərar verməyib.
Bakıvaxtı.az-ın məlumatına görə, Baş nazirin ofisindən bildirilib ki, Paşinyan hazırda iştirakla bağlı qərar qəbul etməyib. Qeyd olunub ki, sessiya yaxınlaşan kimi, Baş nazir qərar verəcək: “Hazırda bu məsələ ilə bağlı heç bir qərar yoxdur”.
Xatırladaq ki, bu yaxınlarda Paşinyanın dekabrın 25-26-da Sankt-Peterburqda keçiriləcək Avrasiya İqtisadi İttifaqının İqtisadi Şurasının və MDB liderləri Şurasının iclasında iştirak edəcəyi barədə məlumat yayılıb. Həmçinin, “Lars” keçid məntəqəsi təxminən bir həftədir ki, Ermənistanın kənd təsərrüfatı yükləri üçün bağlıdır. Ekspertlərin fikrincə, Rusiya hakimiyyəti Paşinyan hakimiyyətinin antirusiya davranışına görə Ermənistana qarşı növbəti elan olunmamış sanksiya tətbiq etməkdədir.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Bakıvaxtı.az-a deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan son dönəm Rusiyaya birmənalı arxa çevirib.
Onun sözlərinə görə, Paşinyan açıq-aşkar Qərbə yönəlik siyasət yeritdiyini büruzə verməkdədir: "Amma Rusiyanın Ermənistana təzyiq və təsir imkanları kifayət qədər çoxdur. Təkcə "Lars" yolunun bağlanması deyil, digər mühüm rıçaqlar da var. Ermənistan iqtisadiyyatının təxminən 70 faizindən çoxu bilvasitə Rusiyadan asılıdır. Ermənistanın Türkiyə və İranla sərhədləri bu gün də Rusiya hərbçiləri tərəfindən qorunur. Rusiyanın 102-ci hərbi bazası Gümrüdə yerləşir. Ermənistanın dövlət şirkətləri də daxil olmaqla bir çox önəmli strukturu, dəmiryol qurumları Rusiyanın törəmə şirkətləri kimi fəaliyyət göstərirlər”.
Müsahibimizə görə, bu da onu göstərir ki, Rusiya Ermənistandan asanlıqla geri çəkilməyəcək və əlini İrəvanın üzərindən çəkməyəcək: “Çünki Rusiyanın Ermənistandan çıxması Cənubi Qafqazdan çıxmaq anlamına gəlir. Rusiya rəsmiləri də aşkar formada bəyan edirlər ki, Moskvanın regiondan çıxmaq niyyəti yoxdur. Mesaj birbaşa Ermənistanadır. Ən geci 2025-ci ildə rus sülhməramlı kontingenti Azərbaycandan çıxacaq. Bizim dövlətimiz müstəqil siyasət yürüdür. Rusiyanın Cənubi Qafqazdakı vassalı Ermənistandır".
Arzuxan Əlizadə: Ermənistanın Türkiyə və İranla sərhədləri bu gün də Rusiya hərbçiləri tərəfindən qorunur
Paşinyanı hakimiyyətə gətirən Qərb dairələri istəyir ki, baş nazir onların tələblərini yerinə yetirsin: "Paşinyan da onların təlimatını qeyd-şərtsiz yerinə yetirir və Qərbi bölgəyə gətirmək üçün ciddi-cəhdlə çalışır. Ermənistan baş nazirinin qeyri-müəyyən siyasət yürütməsinin səbəblərindən biri də budur. Paşinyan Qərbdə bir cür, Moskvada başqa cür bəyanatlar səsləndirir. Paşinyan Qərbdəki ağalarına özünü sübut etmək üçün Rusiyaya qarşı addımların sayını artırmışdı. KTMT tədbirlərində iştirak etməməsi, Avropa ölkələrinin "xüsusi missiyası" adı altında Ermənistanda yerləşməsinə göz yumması, ABŞ ilə birgə təlimlər keçirməsi, Fransadan hərbi texnika alması da bundan xəbər verir. Bunların hamısı Moskvaya "əzələ nümayişi" idi. Lakin son günlər baş verənlər göstərir ki, Paşinyan Rusiyaya qaça-qaça gedəcək və Kremllə əlaqələri tezliklə və asanlıqla kəsə bilməyəcək. İsrarla buna getməsi onun ziyanına ola bilər".
Aydın Baxış