Cənubi Koreya Prezidenti Yun Sok Yol hərbi vəziyyət rejimində iğtişaşlara görə məsuliyyəti öz üzərinə götürərək istefa ərizəsi yazan müdafiə naziri Kim Yonq-Hyunu vəzifəsindən azad edib.
Bakıvaxtı.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya Prezidentinin Ofisi açıqlama yayıb. Medianın məlumatına görə, hərbi vəziyyət elan olunmasını Prezidentə müdafiə naziri təklif edib və onu inandırıb. Elə bu səbəbdən də parlamentdə müdafiə nazirinin impiçmenti məsələsi gündəmə gətirilib. Nazir impiçmenti gözləmədən istefa verməyi üstün tutub.
Dövlət başçısı ölkəsinin Səudiyyə Ərəbistanındakı səfiri, keçmiş ordu generalı Çoy Byunq-Hyuku müdafiə naziri vəzifəsinə namizəd kimi təklif edib. Onun namizədliyini parlament təsdiqləməlidir.
Qeyd edək ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol müxalifəti qiyamın hazırlanmasına yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Amma parlamentdə üstünlüyü olan müxalifətin səyi ilə Milli Assambleyada keçirilmiş gizli səsvermədə Prezidentin hərbi vəziyyət qərarı rədd edilib. Hərbi vəziyyətin elan olunmasından təxminən 6 saat sonra Prezident Yun Sok Yol geri addım ataraq, hərbi vəziyyəti ləğv edib. Hərbi vəziyyətlə əlaqədar küçələrə çıxarılmış ordu və təhlükəsizlik qüvvələri geri çəkilib. Amma əsas müxalif qüvvə olan Demokratiya Partiyası başda olmaqla müxalifət bununla kifaytlənməyərək, Prezident Yun Sok Yolun impiçmenti prosesinə başlayıb. Bununla əlaqədar Demokratiya Partiyasının və kiçik müxalifət partiyalarından olan 191 deputat Prezident Yun Sok Yolun impiçmenti üçün vəsatət qaldırıblar. Məsələ parlamentin dekabrın 5-də keçirilməli olan plenar iclasına tövsiyə olunub. Amma hakim Xalq Gücü Partiyası plenar iclası boykot edəcəyini açıqlayıb. Qanuna görə impiçment məsələsi plenar iclasın gündəliyinə təklif olunandan 72 saat ərzində səsvermə keçirilməlidir.
Başqa sözlə, dekabrın 6-da və 7-də Yun Sok Yolun vəzifədə qalıb-qalmayacağına aydınlıq gətiriləcək. İmpiçmentin təsdiqi üçün 300 yerlik parlamentin ən azı üçdə ikisi (200 deputat) leyhinə səs verməlidir.