Bu il Bakı şəhərində abituriyentlərinin yalnız 43.60 faizi 300-dən yuxarı bal toplayıb. Paytaxtın attestat qiymətləri əla olan abituriyentlərindən 4.67 faizi 200 baldan aşağı nəticə göstərib.
Qəbul imtahanlarında 304 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 185 saylı və 105 saylı tam orta məktəblərin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.
Təhsil üzrə ekspert Elşən Qafarov Bakıvaxtı.az-a açıqlamasında təhsil sahəsindən vəziyyətin göründüyəndən ağır olduğunu bildirib.
“Təhsil sistemində 30 ildən artıqdır islahatlar getmir. Qanunvericilik qəbul olunub müəyyən dəyişiklik olunsa da, təhsilin keyfiyyətinin artırılması ilə bağlı əməli fəaliyyət yoxdur. Hər ilə tələbə qəbulu ilə bağlı analizlərin nəticəsi ortaya qoyulan kimi vəziyyətin ciddiliyi ilə bağlı məsələ medianın qısa müddət ərzində gündəmdə olur. Sonra problem yaddan çıxır”,-deyə E.Qafarov bildirib.
Təhsil üzrə ekspert qeyd edib ki, ölkədə təhsilin keyfiyyətinə təsir edəcək əsas amillər aşağıdakılardır:
“Birincisi, təhsil proqramları. Bu proqramlar nə təhsil verənlər, nə də təhsil alanlar üçün əlçatan deyil.
İkicincisi, dərsliklər bərbad vəziyyətdədir. İllərlə tənqid olunsa da, bundan heç bir nəticə çıxarılmır. Hər il ölkədə 200 adda dərslik çap olunur və hər il bu dərsliklərə 100000 manatdan çox vəsait xərclənilir.
Üçüncüsü, ölkədə müəllim peşəkarlığı bərbad vəziyyətdədir. Hazırda sistemdə işləyən 152 min müəllimin peşəkarlığı bir yana, müəllim hazırlığı da çox ağır vəziyyətdədir.
Dördüncüsü, ölkədə əlavə təhsil sistemi məhv edilib. Əvvəl Peşəkarlar İnstitutu yaratdılar, sonra da Təhsil İnstitutu ilə birləşdirdilər”.
Ekspert burğulayıb ki, ölkənin prioritet məsələsi kimi təhsillə bağlı bütün məsələləri ölkə başçısı öz nəzarətinə götürməlidir: “Orduda olduğu kimi təhsili də dövlət başçısı öz nəzarətinə götürməlidir. O zaman keyfiyyət dəyişikliyi baş verəcək.
Təhsil sistemində “Ay, bu xaricdə təhsil alıb”, “Bu filankəsin adamıdır” kimi yanaşmalara son qoyulmalıdır. Təhsil adamları sistemə cəlb olunmalıdır və onlar prosesi sürətlə inkişafa doğru dəyişəcəklər”.
Ramid İbrahimov
















