• Bakı 24° C

    10.3 m/s

  • USD - 1.7

    EUR - 1.9786

    RUB - 2.1157

Prezidentin MÜSAHİBƏSİ beynəlxalq aktorlara ünvanlanan mesajlar toplusu idi

SİYASƏT

28 Avqust 2025 | 14:20

Prezidentin MÜSAHİBƏSİ beynəlxalq aktorlara ünvanlanan mesajlar toplusu idi

Milli Məclisin deputatı Elçin Mirzəbəyli dünən Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə zamanı toxunduğu ciddi mətləblərlə bağlı Bakıvaxtı.az-a danışıb.

– Müsahibəni ümumi olaraq necə qiymətləndirirsiniz?

-Bu müsahibə Azərbaycanın regional və qlobal miqyasda strateji əhəmiyyət daşıyan məsələlərə öz prinsipial mövqeyini ortaya qoyması baxımından mühüm hadisədir. Onun sözlərinə görə, dövlət başçısı yalnız cari məsələlərə münasibət bildirmədi, həm də tarixi reallıqlara diqqət çəkərək müasir dövrün çağırışlarını aydın şəkildə izah etdi:

"Prezident İlham Əliyev XX əsrin əvvəllərində xalqımızın üzləşdiyi böyük faciələrdən biri olan Qərbi Zəngəzurun Ermənistana verilməsi faktını xatırlatmaqla göstərdi ki, bu addım təkcə Azərbaycanın ərazi bütövlüyünə zərbə vurmadı, eyni zamanda Cənubi Qafqazın gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən əsas amillərdən birinə çevrildi. Sovet dövründə sərhədlərin formal olması bu parçalanmanı qismən görünməz etsə də, müstəqillik dövründə Azərbaycan təbii coğrafi əlaqələrindən məhrum edildi, Naxçıvanla birbaşa quru əlaqəsi kəsildi. Bu isə həm iqtisadi, həm də siyasi baxımdan ölkəmizin inkişaf imkanlarını məhdudlaşdırdı. Prezidentin müsahibəsində vurğuladığı bu məqam tarixi ədalətsizliklərin nəticələrinin hələ də davam etdiyini göstərməklə yanaşı, Azərbaycanın bu gün formalaşdırdığı yeni regional nizamın nə qədər əhəmiyyətli olduğunu da ortaya qoyur.

– Dövlət başçısının müsahibəsində xüsusilə önə çıxardığı məsələlərdən biri də Zəngəzur dəhlizi oldu. Sizcə, bu məsələ hansı strateji əhəmiyyətə malikdir?

– Prezident İlham Əliyev Zəngəzur dəhlizini yalnız Azərbaycanın milli maraqlarına xidmət edən bir layihə kimi deyil, bütövlükdə regionun strateji inkişafına təsir göstərən beynəlxalq təşəbbüs kimi təqdim etdi. Bu dəhliz Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında birbaşa əlaqəni təmin etməklə yanaşı, Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin mühüm hissəsinə çevriləcək. Əslində, burada söhbət sadəcə iqtisadi faydalardan getmir, bu, həm də qlobal geosiyasi balans məsələsidir. ABŞ tərəfindən irəli sürülən TRİPP marşrutu təşəbbüsü ilə Azərbaycanın mövqeyinin üst-üstə düşməsi təsadüfi deyil. Çünki Bakı uzun müddətdir Şərq-Qərb dəhlizinin əsas tranzit ölkəsi rolunu oynayır. Zəngəzur dəhlizi bu mövqeyi daha da gücləndirəcək, ölkəmizi beynəlxalq ticarət yollarının mərkəzinə çevirəcək. Burada Azərbaycanın həm milli maraqları təmin olunur, həm də beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açılır.

Elçin Mirzəbəyli: "ABŞ tərəfindən irəli sürülən TRİPP marşrutu təşəbbüsü ilə Azərbaycanın mövqeyinin üst-üstə düşməsi təsadüfi deyil"

– Müsahibədə İranla münasibətlər də xüsusi yer tutdu. Bu istiqamətdə dövlət başçısının mesajlarını necə şərh edərdiniz?

– Prezident İlham Əliyevin bu məsələyə münasibəti son dərəcə açıq və aydın idi. Uzun müddət İran tərəfindən Zəngəzur dəhlizi ilə bağlı yanlış təsəvvürlər, hətta bəzən aqressiv mövqelər ifadə olunurdu. Dövlət başçısı bir daha qeyd etdi ki, bu dəhliz heç bir ölkənin suverenliyinə toxunmur, sadəcə tranzit imkanlarını genişləndirir. Azərbaycanın diplomatik səyləri və İran prezidenti Məsud Pezeşkianın son addımları göstərdi ki, qarşıdurma əvəzinə əməkdaşlıq modelini seçmək hər iki tərəfin maraqlarına daha uyğundur. Prezidentin xüsusi vurğuladığı Araz dəhlizi layihəsi bunun bariz nümunəsidir. Bu dəhliz həm Azərbaycanı, həm də İranı regional tranzit şəbəkəsinin mühüm həlqəsinə çevirir, nəticə etibarilə hər iki dövlətin maraqlarına cavab verir. Prezidentin İranla əməkdaşlığa üstünlük verməsi bir daha göstərir ki, Bakı regional qarşıdurmalardan yox, əməkdaşlıqdan yanadır.

– Ümumilikdə, bu müsahibədə səsləndirilən mesajların beynəlxalq miqyasda hansı təsiri ola bilər?

– Prezident İlham Əliyevin müsahibəsi müxtəlif beynəlxalq aktorlara ünvanlanan siyasi mesajlar toplusu idi. ABŞ və Avropa İttifaqına ünvanlanan mesaj Azərbaycanın Qərblə əməkdaşlığa açıq olduğunu, regional sabitliyə töhfə vermək niyyətini göstərir. İran üçün bu, qarşıdurmanın faydasız, əməkdaşlığın isə zəruri olduğunu təsdiqləyir. Rusiya üçün mesaj ondan ibarətdir ki, Azərbaycan müstəqil siyasət yürüdür və heç bir güc mərkəzinin diktəsi ilə hərəkət etmir. Ərəb dünyası üçün isə bu müsahibə Azərbaycanın İslam həmrəyliyinə sadiqliyini və regionda sabitlik təşəbbüslərində fəal iştirakını nümayiş etdirir. Nəticə etibarilə, bu çıxış Azərbaycanın çoxvektorlu xarici siyasətinin aydın ifadəsi oldu. Dövlət başçısı bir daha göstərdi ki, Azərbaycan milli maraqlarını qətiyyətlə müdafiə etməklə yanaşı, beynəlxalq əməkdaşlıqda da konstruktiv mövqe tutur. Bu isə həm ölkəmizin regional liderliyini möhkəmləndirir, həm də qlobal siyasi-iqtisadi sistemdə əhəmiyyətini artırır.

Əli Hüseynov


SON XƏBƏRLƏR