Ukrayna prezidenti Vladimir Zelenski müharibənin yeni mərhələyə qədəm qoyduğunu bildirib.
Bakıvaxtı.az-ın məlumatına görə, Zelenski komandanlığın yayda başlayan əks-hücumdan daha çox şey gözlədiyini, lakin nəticələrin qənaətbəxş olmadığını etiraf edib: "Biz daha sürətli nəticələr əldə etmək istəyirdik. Bu baxımdan, təəssüf ki, istədiyimiz nəticələrə nail olmadıq. Bu, faktdır".
O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin “dünyanın ikinci ordusu” ilə döyüşərkən geri çəkilmədiyinə sevinir.
Politoloq Əhəd Məmmədli Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ukrayna prezidenti Vladimir Zelenski gec-tez bunu etiraf etməliydi.
Siyasi şərhçi vurğulayıb ki, onsuz da hər şey açıq-aşkar ortada idi və sadəcə sözlə ifadə etmək qalmışdı: "Məsələ ondadır ki, Zelenski uğursuzluğa bəraət qazandırmağa məcburdur. Daxili auditoriya da görür ki, Ukrayna ordusunun əks-hücumu istənilən nəticəni vermədi. Zelenskiyə Qərb tərəfindən təzyiqlər də artmaqdadır. Qərb ölkələri dolayı yolla çağırış edirlər ki, Zelenski Rusiya rəhbərliyi ilə masa arxasına oturmağa razılıq versin. Zelenski isə buna müqavimət göstərir və çalışır ki, Böyük Britaniya kimi ölkələrin dəstəyi ilə silahlansın və Rusiya ilə mübarizəni davam etdirsin. Görünür, bəzi Qərb dairələri də bunda maraqlıdır”.
Onun sözlərinə görə, lakin vaxt uzandıqca və ciddi nəticə əldə olunmadıqca, proses Kiyevin əleyhinə işləyir.
Gələn il ABŞ-da prezident seçkisinin keçiriləcəyini deyən Ə.Məmmədli bildirib ki, amerikalıların başları özlərinə qarışacaq: “Həmçinin, İsrail-Fələstin münaqişəsi gündəmdədir və nəticənin nə olacağı bəlli deyil".

Əhəd Məmmədli: Vaxt uzandıqca və ciddi nəticə əldə olunmadıqca, proses Kiyevin əleyhinə işləyir
Müsahibimizin fikrincə, mövcud nüansları nəzərə aldıqda, Avropanın Ukrayna-Rusiya müharibəsindən yorulduğunu deyə bilərik: "Avropanın bəzi ölkələrində, məsələn Hollandiyada, Slovakiyada aşırı millətçilərin hakimiyyətə gəlməsi də müşahidə olunur. Reallıq odur ki, aşırı millətçilərin Rusiya rəhbəri Vladimir Putinə simpatiyası var. Yəni Ukrayna çətin vəziyyətə düşüb. Qalib olaraq çıxması çox çətindir, bunun üçün möcuzə baş verməlidir. Möcüzə də odur ki, Putin hakimiyyətdən getsin və onun yerinə gələn şəxs Qərblə anlaşsın. Ya da Rusiyada inqilab olmalıdır. Amma Putin sağ və hakimiyyətdə olduğu müddətcə düşünmürəm ki, Rusiyada hansısa daxili katakilizm baş versin".
Aydın Baxış
















