Rusiya prezidenti Vladimir Putinin mayın əvvəlində Türkiyəyə rəsmi səfər edəcəyi gözlənilir. Putinin səfəri artıq dünya mətbuatının əsas gündəm mövzularından birinə çevrilib.
Bakıvaxtı.az xəbər verir ki, Rusiya prezidentinin daxili işlər üzrə keçmiş baş müşaviri Yuri Pivavorov Rusiya liderinin gözlənilən səfərini “Haber Global”a dəyərləndirib.
Onun sözlərinə görə səfər iki ölkənin enerji, iqtisadiyyat və bank sahəsində yeni əməkdaşlıqların yaranmasına səbəb olacaq:
“Putinin səfəri Türkiyənin bölgədəki əhəmiyyətini açıq şəkildə göstərir. Türkiyə Avropada Rusiyanın eyni vaxtda diplomatik, ticari, mədəni və iqtisadi əlaqələr qura bildiyi azsaylı ölkələrdən biridir. Rusiya Ukrayna ilə müharibədə olsa da, ölkənin iqtisadi və sosial dinamikası davam edir. Moskvanın Ankara ilə turizm, enerji, xammal, qida və ya ortaq sərmayələrə əsaslanan əlaqələri müharibə dövründə də fasiləsiz davam edib.

Yuri Pivavorov qeyd edib ki, səfər zamanı Moskvanın masadakı ən mühüm mövzusu iki ölkə arasında ticarətin genişləndirilməsi olacaq:
“Putin şübhəsiz ki, Ankaranın Ukrayna müharibəsinin həlli yollarını masaya qoyacağını təxmin edir. Rusiya Türkiyənin həm NATO üzvü olduğunu həm də Qara dənizin sabitliyi və təhlükəsizliyində iştirak etdiyi üçün bu məsələdə Ankaranın prioritet olduğunu anlayır. Düşünürəm ki, Putin Türkiyəyə birbaşa səfər edəcəyi üçün Qara dənizin təhlükəsizliyi ilə bağlı yeni plan və təkliflə çıxış edə bilər. Səfər zamanı iki ölkə arasında münasibətlər də hərtərəfli müzakirə olunacaq”.
Günəş Mərd
















