Bakıda şəhərin mərkəzində, xüsusən də sıxlıq olan yerlərdə parklanma məsələsi olduqca problemlidir. Bəzi yerlərdə səliqəli, digər nəqliyyat iştirakçılarına maneə törətməyən yerlər olsa da, təəssüf ki, hər yerdə belə deyil.
Belə ki, bəzi yol kənarları parklanma yeri kimi istifadə olunur. Lakin bu yerlər sağ və sol zolağın bir hissəsini tutduğu üçün hərəkət edən digər maşınlara maneə törədir.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Bakıvaxtı.az-a bildirib ki, əgər həmin parklanma yerlərini Bakı Nəqliyyat Agentliyi təşkil edibsə, deməli, həmin ərazidə hərəkətin intensivliyini nəzərə alıblar: “Düşünürəm ki, parklanma yerlərinin sayını artırmağa ehtiyac var”.
Ekspertin sözlərinə görə, parklanma yerlərinin sayı məhdud olduğundan, şəhərdə belə sıxlıqlar, tıxaclar yaranır.
E.Cəfərov vurğulayıb ki, Bakı Nəqliyyat Agentliyinin icazəsi olmadan qanunsuz tərtib olunmuş parklanma yerində maşınlar digər hərəkət iştirakçılarına maneə ola bilər.
Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyindən Bakıvaxtı.az-a bildirilb ki, Agentlik tərəfindən təşkil olunan küçə parklanma yerlərində müvafiq yol nişanı, həmin nişanın altında isə parklanma qaydasını göstərən məlumat lövhəsi vurulub: “Həmin parklanma yerlərindən istifadə edən sürücülər nəqliyyat vasitəsini mütləq qaydada məlumat lövhəsində göstərildiyi kimi park etməlidir. Yəni parklanma yerləri ləğv olunmamalıdır, ordan istifadə edən sürücülər qaydalara riayət etməlidir. Lakin təəssüf ki, aparılan müşahidələr də onu göstərir ki, Bakı şəhərində xüsusən də mərkəzdə və hərəkətin intensiv olduğu yerlərdə avtomobillərin xaotik park edilməsi halları mövcuddur”.
Qeyd olunub ki, ümumilikdə qanunsuz parklanma halları şəhər nəqliyyatı üçün ciddi problemdir. Çünki nəqliyyat vasitəsinin qadağan olunan yerdə, o cümlədən avtobus dayanacaq məntəqələrinin ərazisində və ya piyada keçidlərində park edilməsi hərəkət təhlükəsizliyi baxımından risklər yaradır.
“Bu gün aparılan müşahidələr də onu göstərir ki, əksər hallarda müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervalın gecikməsinin başlıca səbəblərindən biri də qanunsuz parklanma hallarının olmasıdır. Eyni zamanda, bildirim ki, qanunsuz parklanma hallarına qarşı mübarizə tədbirləri Bakı Nəqliyyat Agentliyinin səlahiyyətinə aid deyil”, - deyə BNA-nın açıqlamasında qeyd olunur.
Aytac Aslan
















