Xalqlarımız arasında qardaşlıq münasibətlərinin çoxəsrlik tarixi var, dostluq və qardaşlığın bütün dövrü ərzində biz həmişə bir-birimizin yanında olmuşuq, bir-birimizi dəstəkləmişik.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə mətbuata bəyanatında deyib.
Sabah Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Azərbaycana hədiyyə edilmiş məktəbin açılışında iştirak edəcəklərini bildirən dövlətimizin başçısı qeyd edib: “Bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik və dəstək jestini çox yüksək qiymətləndiririk. Artıq onu da demək lazımdır ki, bu məktəb, əslində, bir təhsil sarayıdır. Mən mayda Füzuliyə səfərim zamanı tikinti işləri ilə tanış oldum və Özbəkistanın bizə bağışladığı həmin qardaş hədiyyəsinin miqyasını əyani şəkildə gördüm”.
Məktəbin özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıdığını vurğulayan Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, bu, təkcə təhsil ocağı deyil, həm də dostluğumuzun və qardaşlığımızın daha bir mərkəzi olacaq. O, həmçinin əlavə edib ki, dörd gün əvvəl keçmiş köçkünlər olan Füzuli şəhərinin ilk sakinləri öz doğma yurdlarına qayıdıblar və artıq yaxın vaxtlarda, bir aydan da az bir müddətdə uşaqlar Özbəkistandan olan qardaşlarımızın hədiyyə etdikləri məktəbdə oxumağa başlayacaqlar.
Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, bu yaxınlarda 500 milyonluq nizamnamə fondu ilə yaradılan birgə investisiya fondu bu məbləği çox sürətlə mənimsəyəcək və onu artırmaq lazım gələcək: "Azərbaycan və Özbəkistan ictimaiyyəti bugünkü danışıqların nəticəsini həm Azərbaycanda, həm də Özbəkistanda layihələrin praktiki olaraq reallaşmasında görəcək.
Bütün bunlar yenə də ondan xəbər verir ki, biz doğru yoldayıq, prezidentlərin qarşıya qoyduqları vəzifələr yerinə yetirilir. Şavkat Miromonoviçlə bir neçə il əvvəl razılığa gəldiyimiz kimi, biz verilən bütün tapşırıqların icrasına mütəmadi rejimdə nəzarət edirik. Bu, uğurun əsas şərtlərindən biridir".















