• Bakı 10° C

    6.02 m/s

  • USD - 1.7

    EUR - 1.9874

    RUB - 2.1662

Qeyri-sabit, amma dinamik arxitektura: Rusiya-Türkiyə-Azərbaycan paradiqması

SİYASƏT

11 Dekabr 2025 | 15:20

Qeyri-sabit, amma dinamik arxitektura: Rusiya-Türkiyə-Azərbaycan paradiqması

Son illərdə Cənubi Qafqaz regionunda geosiyasi dinamika köklü şəkildə dəyişməkdədir. Xüsusilə Rusiya, Türkiyə və Azərbaycan arasında formalaşan üçlü platforma regionun strateji xəritəsini yenidən müəyyən edir.

Bu üçbucaq yalnız enerji və tranzit əlaqələri baxımından deyil, həm də təhlükəsizlik, hərbi əməkdaşlıq və böyük güclərin təsir mexanizmləri kontekstində xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın enerji resursları, Türkiyənin Avropaya çıxış qovşağı rolu və Rusiyanın bölgədəki ənənəvi təsirinin azalma tendensiyası yeni geosiyasi paradiqmaların meydana çıxmasına şərait yaradır.

Bu münasibətlər həm əməkdaşlıq, həm rəqabət elementlərini bir arada ehtiva etməklə regionda qeyri-sabit, lakin dinamik bir arxitektura formalaşdırır. Azərbaycanın strateji manevr imkanları, Türkiyənin regional vasitəçilik və liderlik rolu, eləcə də Rusiyanın ənənəvi təsir dairəsinin qorunması uğrunda apardığı diplomatik və iqtisadi balanslaşdırma səyləri üçbucağın mürəkkəbliyini artırır. Enerji və tranzit marşrutları, hərbi texnologiya və təlim sahəsində əməkdaşlıq, həmçinin böyük güclərin bölgəyə təsirinin dəyişməsi hər bir dövlətin strateji prioritetlərini yenidən formalaşdırır.

Rusiya, Türkiyə və Azərbaycan arasında son dövrlərdə formalaşan üçlü münasibətlər kontekstində regionda yeni balansların yaranmasına hansı amillər təsir edir və bu balansların hər bir tərəf üçün mümkün strateji nəticələri nələrdir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Amid Əliyev bildirib ki,  Rusiya, Türkiyə və Azərbaycan arasında son dövrlərdə formalaşan üçlü platforma üzərindəki münasibətlər regionda yeni geosiyasi paradiqmaların yaranmasına səbəb olur: 

"Bu dəyişikliklər həm enerji marşrutlarının yenidən qurulması, həm təhlükəsizlik arxitekturasının formalaşması, həm də böyük güclər arasındakı gərginliyin regiona ötürülməsi ilə bağlıdır. Xüsusilə Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin dərinləşməsi, Rusiya-Türkiyə münasibətlərində həm rəqabət, həm əməkdaşlıq elementlərinin artması və rəsmi Moskvanın Cənubi Qafqazdakı ənənəvi təsirinin zəifləməsi üçbucağın dinamikasını daha da mürəkkəbləşdirir. Yeni balansın yaranmasında enerji və tranzit infrastrukturu hər üç dövlət üçün həlledici rol oynayır. Azərbaycanın qaz ehtiyatları və Türkiyə üzərindən Avropaya çıxış marşrutları həm Bakı-Ankara xəttini gücləndirir, həm də Rusiyanın Avropadakı enerji çəkisini nisbi şəkildə azaldır".

Onun sözlərinə görə, bu, Azərbaycan üçün iqtisadi dividentlik və geosiyasi manevr imkanlarını artırdığı halda, Türkiyənin regionda enerji qovşağına çevrilməsinə şərait yaradır. Rusiya üçün isə bu xətt həm strateji rəqabət, həm də müəyyən hallarda əməkdaşlıq zərurəti yaradan faktordur: 

"Enerji sektorunda tərəflər arasında rəqabət arta bilsə də, iqtisadi qarşılıqlı asılılıq onların kəskin münaqişədən qaçmasına səbəb olur. Digər vacib amil qismində isə qeyd olunan dövlətlər arasında formalaşmış təhlükəsizlik və hərbi əməkdaşlıq sahəsində də mühüm dəyişikliklər müşahidə olunmasıdır. Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq, xüsusilə texnologiya və təlim sah əsində tərəfdaşlıq, regionda güc balansını Bakı və Ankara xəttində tam şəkildə möhkəmləndirir".

Amid Əliyev: Bu balansın hər bir tərəf üçün strateji nəticələri müxtəlifdir

Həmsöhbətimiz bildirib ki,Rusiya bölgədəki ənənəvi təsirini saxlamağa çalışır, lakin Ukrayna müharibəsi fonunda həm resurs çatışmazlığı, həm də diplomatik təcrid Moskvanın manevr imkanlarını bölgədə məhdudlaşdırır: 

"Bu faktorlar Moskvanın Cənubi Qafqazda daha çox diplomatiya və iqtisadi rıçaqlara üstünlük verməsini qaçılmaz edir. Beləliklə, regionda hərbi güc balansı dinamik və daha çox dəyişkən və situativ xarakter alır. Böyük güclər arasındakı münasibətlərin regiona təsiri də nəzərəçarpan dərəcədə artıb və bu da üçlü gücün formalaşmasına öz yan yan təsirlərini göstərir. Ukraynadakı müharibə və Qərb-Rusiya qarşıdurması Türkiyənin balanslaşdırıcı rolunu artırır: Ankara bir tərəfdən NATO üzvü olaraq Qərbin təhlükəsizlik arxitekturasında yer alır, digər tərəfdən Moskva ilə iqtisadi və siyasi dialoqu davam etdirməklə özünəməxsus vasitəçilik mövqeyi qurur. Bu, Türkiyəyə həm regional liderlik imkanı verir, həm də onu riskli geosiyasi oyunların mərkəzinə yerləşdirir".

Politoloq əlavə edib ki, Azərbaycan isə bu vəziyyətdən “hedcinq” siyasəti ilə yararlanır, həm Rusiyaya qarşı açıq qarşıdurmadan yayınır, həm də Türkiyə, Qərb və digər tərəfdaşlarla əlaqələrini dərinləşdirir: 

"Ümumilikdə isə bu balansın hər bir tərəf üçün strateji nəticələri müxtəlifdir. Azərbaycan üçün əsas nəticə enerji və tranzit üstünlüyünü siyasi dividentə çevirmək, regionda öz rolunu gücləndirmək və təhlükəsizliyini artırmaqdır. Türkiyə üçün yeni enerji və diplomatik imkanlar, regional liderlik və vasitəçilik mövqeyi ön plana çıxır. Rusiya üçün isə əsas məsələ Cənubi Qafqazdakı ənənəvi təsirini tam itirməmək, dəyişən reallıqlara uyğunlaşmaq və Türkiyə-Azərbaycan xəttinin artan gücünü idarəolunan səviyyədə saxlamaqdır".

Müsahibimiz vurğulayıb ki, Rusiya-Türkiyə-Azərbaycan üçlüyü regionda həm əməkdaşlıq, həm rəqabət elementlərinin paralel mövcud olduğu qeyri-sabit, lakin dinamik bir geosiyasi arxitektura yaradır. Bu münasibətlərin yaxın gələcəkdə də dəyişkən olacağı əsasən: enerji bazarlarının istiqaməti, Ukrayna müharibəsinin gedişi və regional aktorların daxili siyasi prosesləri üçbucağın xarakterini müəyyən edəcək əsas amillər olaraq qalacaq.

Əli Hüseynov


SON XƏBƏRLƏR