Birləşmiş Millətlər Təşkilatı və onun humanitar tərəfdaşları oktyabrın 10-da atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra Qəzza zolağındakı keçid məntəqələrində 24 min tondan çox humanitar yardım toplayıblar.
Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, bu barədə BMT Baş Katibinin sözçüsü Stefan Düjarrik gündəlik brifinqdə məlumat verib.
Onun sözlərinə görə, Qəzza keçidlərində BMT və tərəfdaşları tərəfindən toplanan ləvazimatların ələ keçirilməsi və ya talanması hallarının sayı xeyli azalıb. Oktyabrın 10-dan 28-dək toplanmış tədarüklərin yalnız 5 faizi, mayın 19-dan oktyabrın 9-u arasında isə təxminən 80 faiz ələ keçirilib.
S.Düjarrik bildirib ki, BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Ofisi (OCHA) daha çox humanitar və kommersiya ləvazimatlarının gəlməsi ilə ələ keçirilən yüklərin sayının azalmağa davam edəcəyini gözləyir:
"Biz bütün keçidlərin açılmasına və Qəzzaya humanitar yardım çatdırmaq səlahiyyətinə malik daha çox BMT qurumu və təşkilatına çağırış etməyə davam edirik".
Gülşən Şərif
Bakı 


