Uzun müddətdir aktual olan mövzulardan biri də saxta enerji içkilərinin satılmasıdır. Belə ki, araşdırmalar nəticəsində məlum olub ki, 30 enerji içkisinin 25-i saxtadır. Onların üzərində enerji içkisi yazılsa belə, tərkibində enerji içkisinə məxsus 14 maddə yoxdur. Hətta bu içkilər apteklərdə də satılır.
Bəs belə içkiləri necə ayırmaq olar?
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a danışıb:
"Qeyd edim ki, enerji içkilərinin yaxşılaşdırılması ilə bağlı Azərbaycanda xeyli dünya ölkələrindən fərqli olaraq, artıq enerji içkilərinin tərkibindəki öyrəşdirici maddələrin miqdarının azaldılmasına dair sanitar normalar fəaliyyət göstərir. Bu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müsbət işlərindən biridir. Eləcə də, il yarım öncə dövlət orqanları iş aparıb və enerji içkilərinə qoyulan vergilərin miqdarı dəfələrlə artırılıb. Azad İstehlakçılar Birliyi enerji içkilərinə əlçatanlığın azaldılmasının tərəfdarıdır. Lakin enerji içkilərinə təlabat mövcuddur. Çünki yerli və xarici kanallarda bunun fəal reklamı gedir. Ona görə bunu bazardan yığışdırmaq çox çətin məsələdir. Əgər tam yığışdırılıb qadağa qoyularsa, onda qaçaq mal işə düşəcək. Bazarın mexanizmi belədir. Enerji içkilərinə olan istehlakçı təlabatını nəzərə alan bəzi qazlaşdırılmış və ya qazlaşdırılmamış içki buraxanlar malların üzərinə açıq-aydın enerji içkisi yazmırlar. Lakin üzərində markalanmada enerji gətirən bir içki kimi yazırlar bunu. Ona görə də, AQTA-dan verilən məlumata görə, 30 içkinin analizini apardıqdan sonra məlum olub ki, ondan 25-i heç də enerji içkisi deyil. Lakin hər birinin üzərində enerji içkisi yazılıb. AİB olaraq mən istehlakçıların enerji içkisi adı ilə bu içkiləri almasının tərəfdarıyam. Enerji içkisi adı ilə su içsib qanadlansınlar. Bir sözlə, bu məsələdə istəyərəm ki, istehlakçılar aldadılsın. Məlumdur ki, enerji içkisinin tərkibində 14-dən yuxarı maddə var. Mövcud standartlara görə, həmin maddələrdən ikisi olarsa, artıq o enerji içkisi adlanır. Analizlər göstərib ki, həmin yoxlanılan içkilərin içərisində o maddələrdən heç ikisi yoxdur, lakin istehsalçı onu enerji verən içki kimi yazıb. Ona görə də, AQTA bu işi aparıb. Düşünürəm ki, bunu heç cəmiyyətə çatdırmaq lazımdı deyildi. Çünki biz həm bu yazı, həm AQTA-nın yazdığı məlumat və cəmiyyətdə olan məsələlərlə sanki insanlara gedin əsl enerji içkisi için deyirik. Mən qətiyyən bu fikrin tərəfdarı deyiləm. Bu, düzgün mövqe deyil. Gərək bu məsələ ictimailəşməyə, sadəcə həmin istehsalçılar cəzalandırılardı."

"Nə etmək olar, enerji içkisi paketlərdə paraşoklar şəklində apteklərdə də satılır. Azərbaycanda enerji içkilərinin yayılması irəliləyir. Məktəblərdə valideyn komitələri, valideynlər elə iş aparmalıdır ki, gənclər bundan uzaq olsun. Əsl enerji içkilərinin qabları üzərində istehsalçı özü etiraf edir ki, bu kiçik yaşlı uşaqlara, xəstələrə və s. Məsləhət görülmür. Zəifə zərərli olanın güclüyə xeyir verməsi hansı məntiqdə var?! Bu məsələ kökündən səhvdir. Ona görə, insanlar mümkün qədər bundan uzaq olmalıdır. Bir də qeyd edim ki, həm Azərbaycanda, həmdə xaricdən ixrac edilən enerji içkilərinin AQTA-nın sanitar normalarına uyğun içkilərin istehsal və idxal edilməsi yaxşı haldır. Biz elə iş aparmalıyıq ki, insanlar bu içkilərdən uzaq dursun".
Aytac Aslan
















