Qrenlandiya mövzusu təsadüfən gündəmə gəlməyib və bu iddia təkcə bir adaya sahib olmaq istəyi kimi oxunmamalıdır. Arktika son illər böyük güclərin açıq rəqabət meydanına çevrilib.
Buzların çəkilməsi yeni dəniz marşrutlarını açır, hərbi müşahidə və erkən xəbərdarlıq imkanlarını önə çıxarır, eyni zamanda enerji və nadir torpaq elementləri baxımından strateji dəyəri artırır. ABŞ artıq Qrenlandiyada hərbi mövcudluğa malikdir, lakin Tramp bu mövcudluğu kifayət hesab etmir. Onun yanaşmasında əsas məqsəd Arktikanı NATO çərçivəsində kollektiv məsuliyyət zonasından çıxarıb ABŞ-nin birbaşa nəzarət etdiyi təhlükəsizlik sahəsinə çevirməkdir. Qrenlandiya bu planın mərkəzində dayanır. Bu, həm Rusiyaya və Çinə mesajdır, həm də Avropaya açıq xəbərdarlıqdır ki, ABŞ olmadan onların təhlükəsizlik arxitekturası işlək deyil.
Donald Trump üçün bu məsələ yalnız xarici siyasət aləti deyil, eyni zamanda daxili siyasi üslubun davamıdır. O, beynəlxalq münasibətlərə klassik diplomatiya prizmasından yox, güc balansı və bazarlıq kimi yanaşır. Qrenlandiya iddiası ilə Tramp bir neçə hədəfə eyni vaxtda oynayır. Avropanı qorxu altında saxlayır, NATO daxilində asılılığı daha görünən edir, Ukrayna məsələsində Vaşinqtonun vazkeçilməz rolunu xatırladır və Arktikada ABŞ-nin liderliyini de-fakto qəbul etdirməyə çalışır. Bu səbəbdən məsələni yalnız “ada alınacaqmı” sualı ilə ölçmək düzgün deyil. Əsas sual Avropanın bu təzyiq qarşısında nə qədər geri çəkiləcəyidir.
Bu iddianın real olaraq baş vermə ehtimalı isə hüquqi və siyasi baxımdan çox zəifdir. Qrenlandiya Danimarkanın muxtar ərazisidir və gələcəyi ilə bağlı qərarlar həm Kopenhagenin, həm də Qrenlandiya cəmiyyətinin iradəsinə bağlıdır. Yerli əhali arasında ABŞ-yə birbaşa birləşmə ideyasına ciddi dəstək yoxdur. Qrenlandiyalılar daha çox iqtisadi müstəqillik və muxtariyyətin genişlənməsi mövzusunda həssasdırlar. Onlar böyük güclər arasında alətə çevrilmək istəmirlər. Buna görə də Trampın açıq “istəyirəm” ritorikası yerli legitimlik baxımından əsas qazanmır. Bu da göstərir ki, ABŞ üçün əsas məqsəd faktiki anneksiya deyil, təzyiq vasitəsilə daha geniş razılaşmalar əldə etməkdir.
Gömrük rüsumlarının tətbiqi məhz bu təzyiq siyasətinin iqtisadi mərhələsidir. Tramp Avropanın kollektiv mövqeyinə zərbə vurmaq üçün ticarəti alətə çevirir. 10 faiz tarif rəmzi rəqəm deyil. Bu, Avropa paytaxtlarına ünvanlanan açıq mesajdır ki, təhlükəsizlik məsələlərində ABŞ-yə qarşı mövqe tutmağın iqtisadi bədəli var. Məqsəd Aİ-ni vahid cəbhə kimi deyil, ayrı-ayrı ölkələr kimi Vaşinqtonla danışmağa məcbur etməkdir. Bu taktika əvvəl də istifadə olunub və Trampın düşüncəsində işlək mexanizm sayılır. Avropa isə bu təzyiq qarşısında açıq müqavimət göstərməkdə tərəddüd edir, çünki, Ukrayna müharibəsi fonunda ABŞ-nin dəstəyini itirməkdən qorxur.
Nəticədə, Qrenlandiya böhranı bir ada mübahisəsindən çox daha geniş mənzərəni açır. Bu, NATO daxilində etimadın aşınmasını, Avropanın strateji zəifliyini və böyük güclər dövründə qaydaların necə dəyişdiyini göstərir. Tramp açıq şəkildə bildirir ki, beynəlxalq sistemdə hüquq və müttəfiqlik anlayışları deyil, güc və maraq əsasdır.
Avropa isə hələ də bu yeni reallığa uyğun cavab formulu tapa bilmir. Əsas risk də məhz buradadır. Qrenlandiya məsələsi bağlana bilər, amma onun yaratdığı presedent uzun müddət transatlantik münasibətlərin üzərində kölgə kimi qalacaq.
Alim Nəsirov
Bakı 




