• Bakı C

    11.68 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Zakir Həsənov Azərbaycan qadınlarını təbrik etdi

SİYASƏT

06 Mart 2026 | 19:56

Zakir Həsənov Azərbaycan qadınlarını təbrik etdi

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, təbrik mətnində deyilir:

"Hörmətli xanımlar!

Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı bildirirəm.

Azərbaycan qadını əsrlər boyu şərəfli və müqəddəs ana adını uca tutmaqla müdrikliyi, işgüzarlığı, saflığı və mübarizliyi ilə tariximizə ən parlaq səhifələr yazmışdır. Respublikamızın ictimai-siyasi, mədəni həyatında, cəmiyyətdə fəal iştirak edərək Vətənin müdafiəsində və dövlət quruculuğunda xüsusi bacarıq, istedad nümayiş etdirməklə yanaşı, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə cəsarət və qorxmazlığı ilə də seçilmişdir.

Dövlətçilik tariximizin şərəfli səhifəsi sayılan Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri olan qadınlara seçmək və seçilmək hüququnun verilməsi cəmiyyətdə onların yerini, xüsusi hörmətə və nüfuza malik olduqlarını bir daha əks etdirir. Respublikamız dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan qadınının cəmiyyətdə əvəzsiz rolu bir daha təsdiqləndi. Milli dövlət quruculuğu prosesində, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılmasında fəal iştirakı Azərbaycan qadınının dünyagörüşünün zənginliyinin, intellektual səviyyəsinin yüksək olmasının bariz nümunəsidir.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə qadınlarımız da fəal iştirak edib, qəhrəmanlıq, fədakarlıq nümunələri göstəriblər. Azərbaycan qadını gənc nəslin Vətənə, dövlətə sevgi, müstəqil dövlətçiliyə və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyə olunmasına öz böyük töhfələrini verib və onların xalqa, cəmiyyətə layiqli övlad kimi formalaşmasında əsl vətəndaş, ana kimi əməyini əsirgəməyib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizə, humanizm ideyalarına xidmət edən və tarixi ənənələrimizi qoruyub yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunmasında, eləcə də ölkəmizin müdafiə qüdrətinin artırılmasında, bərpa-quruculuq işlərində Azərbaycan qadını bu gün də yaxından iştirak edir, Böyük Qayıdışa öz layiqli töhfələrini bəxş edir.

Mərhəməti, humanistliyi, xeyirxahlığı və vətənpərvərliyi ilə fərqlənən Azərbaycan qadını ordu quruculuğu prosesində də yaxından iştirak edir. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə xidmət edən, həmçinin mülki işlərdə çalışan qadınlarımızın əməyi, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirmələri yüksək qiymətləndirilir.

Şəhid analarına, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların həyat yoldaşlarına, təqaüddə olanlara, əsgər analarına bayram təbriklərimi çatdırır, yüksək hörmət və ehtiramımı bildirirəm.

İnanıram ki, bütün sahələrdə olduğu kimi, ordu sıralarında xidmət edən, dövlət qulluğunda və mülki işlərdə çalışan qadınlarımız bundan sonra da ölkə rəhbərliyinin etimadını doğruldacaq, göstərilən diqqət və qayğıya cavab olaraq Vətənə, xalqa, dövlətə sədaqət göstərəcəklər. Sizə cansağlığı, ailə səadəti, işlərinizdə uğurlar arzulayıram.

Bayramınız mübarək, əziz xanımlar!"


SON XƏBƏRLƏR

06 Mart 2026