Son günlər regionda baş verən hadisələr bir daha göstərdi ki, təhlükəsizlik məsələləri artıq yalnız bir ölkənin daxili problemi kimi qalmır, eyni zamanda geosiyasi tərəfdaşlıqların real mahiyyətini də üzə çıxarır.
İranın Azərbaycana qarşı təxribat xarakterli addımları fonunda müxtəlif dövlətlərin Bakıya verdiyi siyasi dəstək xüsusilə diqqət çəkir. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Prezident İlham Əliyevə zəng edərək Azərbaycana tam dəstək ifadə etməsi sıradan diplomatik jest kimi yox, türk dünyasında həmrəylik mesajı kimi dəyərləndirilir.
Bu hadisə həm Azərbaycan-Özbəkistan münasibətlərinin gələcək inkişafı, həm də Türk Dövlətləri Təşkilatı daxilində ortaq siyasi reaksiyanın formalaşması baxımından maraqlı suallar doğurur. Baş verənlər göstərir ki, türk dövlətləri arasında münasibətlər artıq təkcə mədəni və tarixi yaxınlıqla məhdudlaşmır, eyni zamanda siyasi və strateji məzmun qazanır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi Alim Nəsirov bildirib ki, bu zəng ilk növbədə onu göstərir ki, Azərbaycan-Özbəkistan münasibətləri artıq formal dostluq mərhələsini geridə qoyub. Burada söhbət yalnız nəzakət diplomatiyasından getmir, siyasi mövqenin açıq və aydın ifadəsindən gedir:
“Şavkat Mirziyoyevin hücumu qətiyyətlə qınaması Daşkəndin Bakı ilə münasibətlərə nə qədər önəm verdiyini göstərir. Bu, həm də o deməkdir ki, Özbəkistan regiondakı proseslərdə Azərbaycanın təhlükəsizliyinə və suverenliyinə həssas yanaşır”.
Müsahibimiz hesab edir ki, belə bəyanatlar iki ölkə arasında qarşılıqlı etimadı daha da dərinləşdirir. Yəni bu dəstək sadəcə bugünkü hadisəyə reaksiya deyil, gələcək strateji yaxınlaşmanın da siyasi siqnalıdır.
“Bu hadisə Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığını daha yüksək mərhələyə qaldıra bilərmi” sualını cavablandıran A.Nəsirov bildirib ki, bu hadisə münasibətlərin daha da dərinləşməsinə təkan verə bilər. Çünki böhran anlarında verilən dəstək ölkələr arasında etimadın ən mühüm göstəricilərindən biridir. Dediyinə görə, Azərbaycan və Özbəkistan onsuz da son illərdə nəqliyyat, logistika, iqtisadiyyat və türk dünyası çərçivəsində yaxın əməkdaşlıq qurublar:
“İndi isə bu münasibətlərə təhlükəsizlik və siyasi həmrəylik ölçüsü də əlavə olunur. Bu, gələcəkdə iki ölkənin beynəlxalq platformalarda bir-birini daha fəal şəkildə dəstəkləməsinə yol aça bilər. Başqa sözlə, hadisə ikitərəfli əlaqələrin yalnız möhkəmlənməsi yox, həm də keyfiyyətcə yeni mərhələyə keçməsi üçün zəmin yaradır”.

Alim Nəsirov: Özbəkistan regiondakı proseslərdə Azərbaycanın təhlükəsizliyinə və suverenliyinə həssas yanaşır
Həmsöhbətimiz deyib ki, Türk Dövlətləri Təşkilatının son illərdə keçdiyi yol göstərir ki, bu qurum tədricən daha siyasi xarakter almağa başlayır. Əvvəllər daha çox mədəni, humanitar və simvolik birlik kimi görünən platforma indi geosiyasi məna daşıyır:
“Əgər üzv ölkələrdən biri açıq təhlükə ilə üzləşirsə və digər üzvlər buna ardıcıl reaksiya verirsə, bu, artıq ortaq mövqe üçün baza deməkdir. Təbii ki, təşkilatın bu gün üçün klassik hərbi blok funksiyası yoxdur. Amma siyasi dəstək, koordinasiyalı bəyanatlar və diplomatik həmrəylik baxımından onun rolu artmaqdadır. Məncə, belə hadisələr Türk Dövlətləri Təşkilatını daha çevik və daha prinsipial ortaq mövqe formalaşdırmağa sövq edəcək”.
Bu prosesin Türk dünyasının gələcəyi baxımından hansı yeni reallıqları ortaya çıxar biləcəyinə gəklincə, həmsöhbətimizə görə, burada ən mühüm reallıq ondan ibarətdir ki, türk dövlətləri artıq bir-birinə yalnız tarixi yaxınlıq prizmasından baxmırlar. Onlar getdikcə ortaq təhlükəsizlik, ortaq maraq və ortaq siyasi məsuliyyət anlayışına yaxınlaşırlar. Bu isə gələcəkdə türk dünyasının daha sistemli koordinasiya olunmasına gətirib çıxara bilər:
“ Xüsusilə, Azərbaycan, Türkiyə və Mərkəzi Asiya dövlətləri arasında artan siyasi təmaslar bunu daha aydın göstərir. Belə vəziyyətlər həm də üzv dövlətlərə xatırladır ki, həmrəylik yalnız bəyannamələrdə yox, konkret böhran anlarında sübut olunmalıdır. Məhz buna görə, bugünkü dəstək mesajları gələcək türk birliyinin siyasi konturlarını daha görünən edir”.
Zülfü Məmmədov
Bakı 




