Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ipoteka kreditləşməsi ilə bağlı birgə məlumat yayıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, bildirilib ki, 2026-cı il ərzində ipoteka kreditlərinin verilməsinin davam etdirilməsi məqsədilə Fond tərəfindən müvəkkil banklara müvafiq limitlər ayrılıb. Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna 5 mart 2026-cı il saat 11:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna isə 6 mart 2026-cı il saat 11:00-dan başlanılıb.
Vətəndaş müraciətlərinin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilmiş “Elektron İpoteka və Kredit Zəmanət” sistemi üzərindən real vaxt rejimində, şəffaf və hamı üçün bərabər şəraitdə qəbul edilməsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə əməkdaşlıq çərçivəsində sistemdə dayanıqlılıq və təhlükəsizlik testləri aparılıb. Tətbiq olunan informasiya təhlükəsizliyi mexanizmləri vasitəsilə sistemin təhlükəsiz və fasiləsiz fəaliyyəti təmin olunaraq daimi nəzarətdə saxlanılıb.
Məlumata görə, əlverişli şərtlər və aşağı faiz dərəcələri səbəbindən ipoteka kreditlərinə əhali arasında yüksək tələbat yaranıb. Elan edilmiş vaxtlarda müvəkkil banklara ayrılmış limitlər çərçivəsində adi ipoteka krediti almaq üçün 9019 müraciət daxil olub və bunlardan 1522-si qeydə alınıb. Güzəştli ipoteka kreditləri üzrə isə ümumilikdə 4369 müraciət daxil olub, 643 nəfərin müraciəti qeydə alınıb.
Qeyd olunub ki, əvvəlki illərdə olduğu kimi, ipoteka kreditləşməsi üzrə müraciətlərin qəbulu və sonrakı mərhələlər mövcud qanunvericiliyə və Fondun daxili qaydalarına uyğun şəkildə davam etdirilir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən tətbiq edilən informasiya təhlükəsizliyi mexanizmləri vasitəsilə sistemin təhlükəsiz fəaliyyəti daim nəzarətdə saxlanılır.
Bakı 




