11 ayın sultanı Ramazan ayının 3-cü gününü yaşayırıq. Bütün müsəlmanlar bu ayı səbirsizliklə gözləyir, qeyd edir və oruc tuturlar.
Ancaq düzgün olmayan qidalanma sonradan insanların sağlamlığı üçün ciddi problemlərə səbəb ola bilər.
Bəs, Novruz bayramı ərəfəsinə düşən bu müqəddəs ayda necə qidalanaq ki, sonradan problemlə qarşılaşmayaq?
Günay Lətifova, terapevt
Mövzu ilə Bakıvaxtı.az-a açıqlama verən terapevt Günay Lətifova bildirib ki, Ramazan ayı sağlamlıq cəhətdən ən gözəl aylardan biridir.
Onun sözlərinə görə, gün ərzində susuz və yeməksiz qalan mədənin, orqanizmin birinci ehtiyacı olan sudur və insanlar mümkün qədər 1 stəkan suyu içməyə çalışmalıdırlar.
İnsanların diqqət etməli olduğu digər məqam ağır yeməklərə üstünlük verməsinlər. Terapevt bildirib ki, əgər ağır qida qəbul ediləcəksə, yeməkdən sonra yürüşə çıxmaq tövsiyə olunur.
O, karbohidratın ağırlığını nəzərə alaraq, karbohidratı minimal, zülalı daha çox qəbul etməyin məsləhətli olduğunu vurğulayıb:
“Əgər imsakda qida qəbulundan sonra yenidən yatacaqlarsa, ağır qidalar qəbul edilməməlidir. Zülal qəbulu insanları həm tox tutacaq, həm də orqanizm üçün ziyanlı olmayacaq”.
Müsahibimiz qeyd edib ki, insanlar həm Ramazan ayında, həm də normal həyatda sağlam qidalansalar orqanizmləri daha gənc qalacaq, eyni zamanda orqanizmi istər hormonal, itərsə də sindirim sistemi olaraq sıradan çıxarmamış olacaqlar:
“İnsanlar orucu açdıqdan sonra yatmırlarsa, imsaka qədər bol-bol su tükətsinlər. Çünki orqanizm nəyi bərpa etsə də suyu bərpa etməsi çətin olur. Orqanizmin çox hissəsi sudan ibarətdir. Biz su balansımızı tarazlamalıyıq ki, sonra dəridə quruluq, xroniki xəstəliyi olanlarda bu xəstəliyin dirçəlməsi kimi hallar baş verməsin.
Bundan başqa, şəxslərin sağlamlıqları buna imkan vermirsə, dərman qəbul edirlərsə, oruc tutmaq tövsiyə olunmur”.
Rəna Həsənova, diyetoloq
Bakıvaxtı.az-a danışan diyetoloq Rəna Həsənova bildirib ki, Ramazan ayında oruc tutalanların imsaka durması mütləqdir.
R.Həsənova qeyd edib ki, imsakda qızardılmış, ədviyyatlı, duzlu yeməklərdən uzaq olmaq, kəpəkli çörək yemək vacibdir, çünki kəpəkli çörək ağ çörəkdən 4 dəfə gec həzm olunur, bu, uzun zaman ac qalmaq üçün faydalıdır. Onun sözlərinə görə, ağ çörək tez sorulduğundan yeməkdən sonra qanda şəkərin miqdarı çox qalxır və tez də düşür. Qaynadılmış yumurtaya üstünlük verilməlidir, onun tərkibindəki zülal orqanizmin enerji balansını qoruyur. Suda qaynadılmış tikə ət də bu yöndən faydalıdır. 3-4 ədəd xurma yemək də faydalıdır, xurmada həm karbohidrat, həm zülal, həm də az miqdarda yağ var:
“Kəpəkli undan hazırlanmış makaron, yerli düyü, duzsuz pendir, qaymaq, xama yemək faydalıdır. Süddə bişmiş yulaf və ya müsli insanı uzun müddət tox saxlayır. Bol su qəbul olunmalı, köpün olmaması üçün razyana və çobanyastığı əlavə edilmiş çay içilməlidir. Limon və ya məkkəgülü ilə dəmlənmiş çay da susuzluğun qarşısını almaq üçün yaxşı vasitədir”.
Diyetoloq nəzərə çatdırıb ki, 1 xörək qaşığı məkkəgülü çiçəklərini 3 stəkan suya töküb, üzərinə 2 çubuq darçın, 2 ədəd doğranmış alma, 2 xörək qaşığı bal və ya şəkər tozu əlavə edib zəif odun üzərində 5 dəqiqə qaynadıb, sonra soyuducuya qoyub, səhər imsak zamanı içmək susuzluğun qarşısını almaq üçün əla vasitədir.
Müsahibimizin fikrincə, iftar 2 hissəyə bölünməlidir. Dediyinə görə, mədəni birdən-birə çox yükləmək olmaz, çünki aclıq zamanı maddələr mübadiləsi zəifləyir, çoxlu qida qəbulu da köp, sancı və qəbizliyə səbəb ola bilir:
“Yeməyə su ilə başlamaq lazımdır. Sonra sulu yeməklərə üstünlük verilməlidir. Süfrədə mövsümi tərəvəzlər bol olmalı, qatıq, ayran, salat, göyərti qida rasionuna əlavə edilməlidir. Mədəsində qıcqırma olanlar qatığı kefirlə əvəzləyə bilər. Sulu yeməkdən sonra biraz istirahət etmək lazımdır.
Bundan sonra enerjili yeməklər yeyilə bilər. Yenə də ağ çörək istifadə etmək tövsiyə olunmur. Lifli yeməklər, meyvələr və quru meyvələrə üstünlük verilməlidir. Yeməkdən sonra köpün, qəbizliyin və sancıların qarşısını almaq üçün yaşıl çay, nanə, zəncəfil, adaçayı, məkkəgülü, darçın, hil, cirə, mixək kimi bitkiləri tək-tək və ya qarışıq halda dəmləyib içilə bilər”.
Mina Mikayılova