Xəbər verildiyi kimi Rusiya Müdafiə Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının 1941-1945-ci il Böyük Vətən müharibəsində Qələbəyə həsr olunan təntənəli keçid üçün məşqlərə başladığına dair məlumat yayıb. Qeyd olunub ki, Xocalı hava limanında baş tutan məşqlərə təxminən 400-ə yaxın hərbçi cəlb olunub. Təntənəli keçid məşqlərinə Dağlıq Qarabağda Rusiya sülhməramlılarının əsas hissəsini təşkil edən 15-ci motoatıcı briqadasının şəxsi heyəti cəlb olunub.
Mövzu ilə bağlı Bakivaxti.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bu məsələ Rusiyanın Azərbaycandakı səfiri ilə müzakirə olunmalı və tədbirdə Azərbaycanın iştirakı təmin edilməlidir.

“9 May münasibətilə Xankəndində keçiriləcək tədbiri hərbi parad adlandırmaq doğru deyil. Çünki müasir hərbi paradın bir neçə komponenti olur. Belə ki, hərbi paradda adətən aviasiya, zirehli, zirehsiz və yüngül zirehli texnikalar, HHM vasitələri, artileriya vasitələri, raket kompleksləri, pilotsuz aparatlar və s. nümyiş etdirilir. Lakin bu tədbirdə yalnız avtomat silahlarla silahlanan sülhməramlıların bir təntənəli keçidi və ya yürüşü keçiriləcək. İstənilən halda bu kimi tədbirlər Azərbaycan ərazisi olan Xankəndində rəsmi Bakının iştirakı ilə keçirilməlidir, əks halda bunun Azərbaycan ictimaiyyətini haqlı olaraq qıcıqlandıracağı gözlənilən idi”,-deyə Ə.Verdiyev bildirib.
Hərbi ekspert qeyd edib ki, bu tədbirlə bağlı bir neçə təkliflər də var: “Məsələn, bu tədbirə Azərbaycanın da dəvət olunması daha doğru olardı. Azərbaycanın hansısa xüsusi təyinatlı briqadası öz texnikası və vasitələrilə Xankəndində ruslarla bərabər bizim də zamanında iştirak etdiyimiz İkinci Dünya Müharibəsindəki qələbəni qeyd etməsi daha doğru addımdır. Həmin tədbirdə İkinci Dünya Müharibəsi qəhrəmanı Həzi Aslanovun ailə üzvləri də iştirak edə bilər.
Rusiya sülhməramlıları öncə öz üzərinə düşən erməni silahlılarının oradan çıxarılması vəzifələrinin yerinə yetirilməsinə köklənməlidirlər. Bu kimi tədbirlərin Azərbaycanda, rəsmi Bakı ilə razılaşmadan, Ordumuzun tədbirdə iştirakı olmadan keçirilməsi yolverilməzdir. İstənilən halda bu məsələ Rusiyanın Azərbaycandakı səfiri ilə müzakirə olunmalı və tədbirdə Azərbaycanın iştirakı təmin edilməlidir”.
Ramid İbrahimov
Bakivaxti.az
















