Rusiya 2025-ci ilin ilk doqquz ayında Avropaya təbii qaz ixracını əhəmiyyətli dərəcədə azaldıb.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu, Beynəlxalq Enerji Agentliyinin (IEA) 2030-cu ilə qədər qlobal qaz bazarına dair hesabatında yer alıb.
Hesabata görə, Ukrayna ərazisindən tranzitin dayandırılması səbəbindən Rusiya boru kəməri qazının Avropa İttifaqına tədarükü illik müqayisədə 45 faiz (təxminən 10 milyard kubmetr) azalıb. İlk doqquz ay ərzində Avropanın ümumi tələbatında Rusiya qazının payı 10 faizdən az təşkil edib.
Boru kəməri qazı idxalının azalması fonunda Avropa mayeləşdirilmiş təbii qazın (LNG) alışını tarixi maksimuma yüksəldib. 2025-ci ilin yanvar-sentyabr aylarında Avropa LNG idxalı 28 faiz (təxminən 28 milyard kubmetr) artaraq, rekord həddə - 127 milyard kubmetrə çatıb. Avropanın qaz balansında LNG-nin payı əvvəlki ildəki 35 faizdən 42 faizə yüksəlib.
Agentliyin proqnozlarına görə, LNG idxalı 2025-ci ilin sonuna qədər 2024-cü ilə nisbətən 20 faiz çox ola bilər.
Eyni zamanda Rusiya öz LNG ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz (təxminən 3,5 milyard kubmetr) azaldıb. Rusiyanın Avropaya LNG tədarükü 10 faiz azalıb. Lakin buna baxmayaraq, Rusiya hələ də ABŞ-dən sonra ikinci ən böyük tədarükçü olaraq qalır.
Gülşən Şərif
Bakı 


