“Son zamanlar Rusiyada Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovskinin Azərbaycanı təhdid etməsinin arxasında 3 tələb dura bilər: Azərbaycan ərazisindəki sülhməramlıların hərbi bazaya çevrilməsi, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qəbul edilməsi və Avrasiya İqtisadi Birliyinə üzvlük tələbi. Hər üçü suverenliyimizi rəsmi şəkildə məhdudlaşdırmaq məqsədi güdür”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Nəzakət Məmmədova bildirib.
Politoloq qeyd edib ki, Vladimir Jirinovskinin Azərbaycanın əleyhinə verdiyi bəyənata əsasən deyə bilərik ki, Rusiya öz məqsədlərinə çatmaq üçün Azərbaycanı təhdid edir: “Rusiya Azərbaycanın Türkiyə və Qərblə yaxınlaşmasına qarşı çıxır. Rusiya bunu öz təhlükəsizliyə ilə əlaqələndirir.
Əfqanistanda yenidən hakimiyyətə gələn və Rusiyanın terror təşkilatı kimi tanıdığı ABŞ-ın yaratdığı “Taliban”ın rəhbərləri Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi ilə görüşüblər.
“Taliban”ın Mərkəzi Asiya ölkələri və Xəzər hövzəsi vasitəsilə Azərbaycana və Şimali Qafqaza keçməsi Rusiyanı çox narahat edir. Rusiya ona görə də, Azərbacyandan Qarbağdakı Rusiya sülhməramlılarının hərbi bazara çevrilməsinə imkan verməsini istəyib. Hesab edirəm ki, Rusiya Xəzər dənizində hərbi donamasını gücləndirmək istəyir. Yəni Rusiya Xəzərin mühafizəsi və terrorun qarşısının alınması məqsədilə Azərbaycandan müəyyən güzəştlər istəyir.
Ermənistanda Paşinyanın hakimiyyətdə olduğu müddətdə Rusiya Ermənistandakı hərbi bazası ilə kifayətlənə bilməz. Həmçinin, Rusiya NATO ölkəsi olan Türkiyə ordusunun Azərbaycanda olmasını istəmir”.
N.Məmmədova qeyd edib ki, Rusiya Avrasiyya İttifaqı vasitəsilə MDB-də iqtisadi nüfuz dairəsini genişləndirmək istəyir: “Rusiya SSRİ-nin bərpasını bu təşkilatlar vasitəsilə etməyə çalışır. Bu təkcə Qərb-Rusiya qarşıdurması deyil, burda Çin məsələsi də var. Azərbaycan Çinin layihələrində iştirak edir. Çindən İngiltərəyə qədər uzana layihələrdə Azərbaycan və Türkiyə iştirakçıdır. Çinin Mərkəzi Asiyada, Qafqazda, ümumiyyətlə, MDB məkanında nüfuzu genişlənir. Bunun da qarşısını almaq üçün Rusiya iqtisadi layihələrini irəli sürür. Rusiya Çinin təsirini neytrallaşdırmaq üçün Çinin yolu ilə gedir. Ona görə də Azərbaycana bu cür təhdidlər irəli sürülür”.
Ramid İbrahimov
















