Rusiya iyunun 28-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirib. Gecə saatlarında şimal istiqamətindən ballistik raket təhlükəsi ilə əlaqədar hava həyəcanı elan olunub.
Bakıvaxtı.az xəbər verir ki, qısa müddət sonra Ukrayna Hərbi Hava Qüvvələri paytaxta raketlərin yaxınlaşdığını bildirib.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko sakinləri hava həyəcanı başa çatanadək sığınacaqlarda qalmağa çağırıb.
Kiyev meri Vitali Kliçko isə şəhərdə hava hücumundan müdafiə sistemlərinin işlədiyini açıqlayıb. Təxminən saat 02:30 radələrində paytaxtda yenidən güclü partlayış səsləri eşidilib.
Timur Tkaçenko həmçinin sakinlərə və media nümayəndələrinə hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti, eləcə də düşmən zərbələrinin nəticələri ilə bağlı foto və videoları yaymamağa çağırış edib. O vurğulayıb ki, bu cür materialların paylaşılmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur.
Daha sonra Tkaçenko bildirib ki, hücum nəticəsində Kiyevin Darnitski rayonunda bir neçə ünvanda yanğın baş verib. Yaşayış binasının yaxınlığında, həmçinin avtomobil təmiri stansiyasında alov qeydə alınıb, daha bir qeyri-yaşayış binası da yanır. İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Qeyd edək ki, Rusiya həmin gecə Xarkovu da raket atəşinə tutub. Şəhər meri İqor Terexov raketlərin Osnovyanski rayonuna düşdüyünü açıqlayıb.
Xatırladaq ki, bundan əvvəl də Rusiya Odessa vilayətinə hücum etmişdi. Həmin hücum nəticəsində "Ukrayna Venesiyası" kimi tanınan Vilkovo şəhəri elektrik enerjisiz qalmışdı.
Bakı 



