Özünü “sülh”ə sadiq siyasətçi kimi qələmə verən Yekaterina Dountsova 2024-cü ilin martında Rusiyada keçiriləcək prezident seçkilərində qalib gələcəyi şübhəsiz olan prezident Vladimir Putinə qarşı rəsmi olaraq namizədliyini irəli sürüb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, lazımi sənədləri Seçki Komissiyasına təqdim etmiş müstəqil namizədin qeydə alınması təsdiq edilib.
Dountsova parlament partiyasından namizəd olmadığı üçün seçkilərə ən azı 45 gün qalmışa qədər 300 min dəstək imzası toplamalıdır. Keçən noyabrda 10 mindən çox imza topladığını açıqlayan 40 yaşlı müstəqil namizəd "hər zaman 50-50 şansın" olduğunu deyib.
“Biz heç nəyin əleyhinə deyilik, sülh və demokratik proseslərin tərəfdarıyıq” deyən qadın siyasətçi Rusiyanın Ukraynaya hücumunun başlamasından təxminən iki il sonra ölkəsinin “hüquq və azadlıqlardan, sevgi və sülhdən, gözəl gələcəkdən uzaqlaşdığını” deyib.
15-17 mart 2024-cü il tarixlərində keçirilməsi planlaşdırılan seçkilər üçün indiyədək Putin də daxil olmaqla 16 müraciət edilib. Dumada təmsil olunan partiya tərəfindən dəstəklənməyən müstəqil namizədlərin 300 min imza toplaması tələb olunur. Bu imzaların toplanmasındakı çətinliklər bir çox müstəqil namizədin seçki öncəsi imtina etməsinə səbəb olur.
Aleksey Navalnı kimi müxalifət liderlərinin həbsdə olması və ya sürgünə məcbur edilməsi Putinin seçilmək şansının çox yüksək olduğunun sübutu kimi qiymətləndirilir. Konstitusiya mənasında 2020-ci ildə edilən düzəliş Putinə 2030-cu ildə yenidən namizədliyini irəli sürməyə icazə verir. Bu, liderə 2036-cı ilə qədər, yəni 84 yaşına qədər Kremldə qalmağa imkan verir.
Ay Tac















