Çinin Henan əyalətində özəl internat məktəbində baş verən yanğında 13 şagirdin öldüyü bildirilib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Nanyang şəhərinin Fangqing rayonunda kənd yerlərində yaşayan şagirdlərin təhsil aldığı Yingcay məktəbində gecə saatlarında yanğın baş verib. Xilasetmə briqadasının müdaxilə etdiyi yanğında 13 şagird həyatını itirib, sağ qalan 1 şagird isə xəstəxanaya aparılıb.
Hebey əyalətində yayımlanan Zonglan News-a açıqlama verən müəllim ölənlərin hamısının 3-cü sinif şagirdləri olduğu barədə məlumat paylaşıb.
Cover News-a danışan rayon sakinləri bildiriblər ki, məktəb kənddə yerləşən özəl internat ibtidai məktəbidir, orada da uşaq bağçası bölməsi var. Şagirdlərin bəziləri həftə sonları evə gedirlər. Ailələri uzaqda yaşayan və ya başqa yerdə işləyən şagirdlər həftə sonları da məktəbdə qalırlar.
Bildirilib ki, faciəli hadisə məktəbin tezliklə semestr tətilinə çıxacağı bir vaxtda baş verib. Çinin Sinxua agentliyi yanğınla bağlı istintaqın davam etdiyini bildirib. Məhkəmə orqanları məktəbə cavabdeh olan əməkdaşı dindirmək üçün saxlayıb.
Ay Tac
















